Shia ahli
  MÜASİR CƏMİYYƏTDƏ QADININ ROLU VƏ ÖNƏMİ
 

MÜASİR CƏMİYYƏTDƏ QADININ ROLU VƏ ÖNƏMİ

Tarixə nəzər saldıqda təəssüflə şahidi oluruq ki, qadınlar daim məzlum həyat sürmüş, istismara məruz qalmışlar. Keçmiş dönəmlərdə qadına qarşı olan münasibəti araşdırdıqda çox acınacaqlı faktlarla rastlaşırıq. Tarixən kişilər qadınlarla lazımi şəkildə davranmamış, onlara lazımi münasibət göstərməmişlər. Əsrlərlə qadınlar və qızlar iradəsiz kölə həyatı sürmüşlər. Bir çox ölkələrdə qadınlar bir əşya kimi müxtəlif məqsədlərlə başqa şəxslərə satılır, borc olaraq təslim edilir, istənilən vaxt evdən qovulur və s. bu kimi çirkin münasibətlərə məruz qalmışlar. Bütün həyatı boyu əzab-əziyyət, məşəqqət çəkən bu zərif cinsin nümayəndələri hər zaman, hər yerdə ağır işlərlə məşğul olmağa məhkum olmuşlar. Onları ya ikinci dərəcəli insan saymış, ya da bəzi hallarda ümumiyyətlə insanlıqdan xaric bir məxluq kimi qəbul etmişlər.

Avropa ölkələrində bu hal son bir-iki əsr bundan öncəyədək belə olmuşdur. Kilsə və xristianlığın hakim olduğu Qərbdə qadını «murdar məxluq» adlandırırdılar.

Çində qadınlarla ailə qurma bazardan əşya almaq kimi bir şey idi. Arvad alma - arvadın satın alınması demək idi. Bu cəmiyyətdə qadınlar heç bir ictimai hüquqa malik deyildilər.

Hindistanda da qadınlar kişilərin köləsi olmuşlar. Kişilərin vəfatından sonra qadınlar ya özlərini yandıraraq həyatlarına son qoyur, ya da zillət içərisində həyatlarını davam etdirirmişlər.

İslamdan öncəki ərəb dünyasında vəziyyət daha faciəli idi. Ərəblər, xüsusilə geridə qalmış bədəvi ərəblər dünyaya göz açan qız uşaqlarını diri-diri torpağa basdırırmışlar.

Qeyd edək ki, iyirminci əsrə qədər günümüzdə mütərəqqi və azad sayılan ölkələrdə qadınların hüquqları barəsində azacıq belə, bəhs edilməmişdir. Müqəddəs İslam dini isə özünün zühur etdiyi ilk gündən etibarən, 14 əsr bundan öncə qadınların heç bir hüququ olmadan, kölə şəklində saxlandığı, onlarla olduqca kobud rəftar olunduğu bir dövrdə bu təbəqədən olan məzlumların hüquqlarını müdafiə edərək dünyaya hakim olan vəhşiliklərlə mübarizəyə qalxmışdır. Bəşər tarixində ilk dəfə olaraq qadınların hüquqları ən yüksək müstəvidə - ilahi vəhy ilə təsbit edilmişdir. Allah-Təala Quranda buyurmuşdur:

«...Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır...» (əl-Bəqərə surəsi, ayə 228).

Bu gün çoxlarının diqqət yetirmədiyi və ya düzgün məlumata malik olmadığına rəğmən, məhz İslamın zühuru zülmətə bürünmüş qadın həyatına nur saçdı, onu köləlikdən xilas etdi və Allah-Təalanın göstərişlərinə müvafiq olaraq qadınların da kişilərlə bərabər hüquqa malik olduqları birbaşa olaraq ilahi kəlamda - Qurani-Kərimdə bəyan edildi. Yeri gəlmişkən, bir daha vurğulayaq ki, bu ayədə ortaya qoyulan «qadın hüququ» anlayışı tarixdə ilk dəfə səslənən, ilkin olaraq irəli sürülən və kişilərin hüququ olduğu kimi, qadınların da belə bir haqqa malik olmalarını ilk dəfə açıq şəkildə bəyan edən bir prinsipdir.

İslamın irəli sürdüyü prinsiplərə əsasən qadınların mülkiyyət hüququ da qanuniləşmiş və təsbit edilmişdir. Quranın başqa bir ayəsində Rəbbimiz belə buyurmuşdur:

«Kişilərin və qadınların hər biri bərabər hüquqlu olub, öz mallarına və sərmayələrinə malikdirlər» (ən-Nisa surəsi, ayə 32).

Buradan irəli gələrək, qadınların bütün irsi, peşə və ticarət malları onların özlərinə məxsusdur və onlar qanunla icazə verilmiş hər bir vaxtda həmin mallardan istifadə edə bilərlər. Bu, Allahın buyurduğu, İslam şəriətinin hələ 14 əsr öncə irəli sürdüyü hökmdür.

Qətiyyətlə qeyd etmək lazımdır ki, məhz İslamın qadına olan münasibəti orta əsrlərdə digər ölkələrdə nümunə olmuş, onlarda cəmiyyətdə qadınlara qarşı yönələn ədalətsiz və çirkin münasibətlərin aradan qalxmasına səbəb olmuşdur.

İslam mədəni bölgəsinin bir parçası sayılan Azərbaycanda XX əsrin əvvəllərinə qədər qadın-kişi münasibətləri, onların cəmiyyətdə rolu və yeri, qarşılıqlı münasibətlər sisteminin əsas istiqamətləri başlıca olaraq iki dayanaqlı təməldən qaynaqlanırdı. Onlardan biri əsrlər boyu formalaşmış mentalitet, dini və milli boyalarla boyanmış ənənəçilik idi. Digəri isə İslam dininin irəli sürdüyü qaydalar, yerli müsəlman ruhanilərinin görüşləri, fətvaları, apardıqları vəzlər, təbliğatlar idi.

Birinci təməl o dönəmdə gerçəkliyin təzahürü, cəmiyyətdə baş verən bir çox sosial-psixoloji hadisələrin başlıca motivi idi. Burada qadına ikincidərəcəli kimi baxılır, tam olaraq kişidən asılı, müti bir məxluq kimi səciyyələnir ki, kişilərin iradəsi altında hətta döyülüb-söyülənədək sıxışdırılma halları özünü göstərirdi. Bu vəziyyət təkcə əyalətlərdə, kənd və qəsəbələrdə deyil, hətta iri şəhərlərdə də mövcud idi.

İkinci təməl isə cəmiyyətdə İslam dininin, din alimlərinin, din xadimlərinin mövqeyindən irəli gəlirdi. Din alimlərinin gender problemlərinə - qadın-kişi məsələlərinə baxışları tam olaraq İslam dininin ümumi konsepsiyasına və ondan irəli gələn qaydalara, normativlərə əsaslanırdı. Ənənəviçilikdən fərqli olaraq burada qadının konkret hüquq və haqları müəyyən edilir, onun cəmiyyətdəki yeri, dəyəri təqdir edilir və ənənəviçiliyin heç də həmişə din və dini qaydalarla uyğun olmadığı, uzlaşmadığı vurğulanırdı. İslam prinsipləri ənənəviçilikdən tamamilə fərqlənən mövqedən çıxış edir və bir növ kişilərin iradəsinin məhbusuna çevrilmiş qadınların hüquqlarının müdafəçisi kimi çıxış edirdi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində formalaşmış mentalitet bu istiqamətdə daha qabarıq şəkildə özünü göstərərək dini qaydaların tam mənası ilə gerçəkləşməsini əngəlləmişdir.

Sovetlər dövründə vəziyyət tamamilə dəyişmişdi. Mövcud ənənələr fonunda qadına mənfi münasibət sovetlərin mübarizə obyektinə çevrilmişdirsə də, əslində bu problemə yanaşma tərzi heç də ədalətli olmamışdır. Belə ki, əvvəla, dinə qarşı kəskin mövqedə olan bolşevik rejimi ənənviçiliyin yaratdığı xoşagəlməz gender mühitini birmənalı olaraq dinlə, konkret olaraq İslam dini ilə əlaqələndirmişdir ki, bu da kökündən yanlışdır. Mövcud şəraitdə Azərbaycan cəmiyyətində mənfi halları göstərməklə guya bütün bu xoşagəlməzliklərin İslam dinindən irəli gəlməsini, dini qayda-qanuna söykəndiyini vurğulayırdılar. Həqiqətdə isə bütün bu mənfi hallar, qeyd etdiyimiz kimi, İslamın əsrlər boyu mübarizə apardığı bir fenomen idi.

Sovet dövründə ənənəviçiliyin mənfi halları ilə mübarizədə əslində İslam dini əsas hədəf kimi götürülürdü və dinin cəmiyyətin mürtəce bir amili kimi səciyyələnməsinə, dinin gözdən salınmasına çalışılırdı. Bu təbliğat elə güclü aparılmışdır ki, günümüzdə də bir çoxları bu yanlış iddiaya inanır və elə güman edirlər ki, qadınların üzləşdikləri problemlər birmənalı olaraq elə dinimizlə bağlıdır.

Qoyulan problemi tədqiq edən görkəmli alimlər də haqlı olaraq qeyd etmişlər ki, gender münasibətlərinin tədqiqi zamanı onların ancaq cəmiyyətin dini görüş və münasibətlərindən asılılığını vurğulamaqdansa, həmin münasibətləri mentalitetlə bağlı araşdırmaq daha məqsədəuyğun olardı. Həqiqətən də ənənəvi olaraq milli mentalitet bu məsələdə həlledici çəkiyə malik olmuş və cəmiyyətimizdə qadın-kişi münasibətlərinin tənzimlənməsində başlıca rol oynamışdır.

Müasir Azərbaycan cəmiyyətinə gəldikdə isə, gender problemlərinin qoyuluşu və həlli əsas üç istiqamətdə müzakirə obyektinə çevrilə bilər: ənənəviçilik, liberalizm və din.

Qeyd etdiyimiz kimi, Azərbaycan mentalitetində və ənənəviçilik prinsiplərində qadına və onun hüquqlarına formalaşmış münasibət heç də hər zaman müsbət olmamışdır. Bir sıra hallarda çağdaş cəmiyyətimizdə də bu təsir öz qüvvəsini qoruyub saxlaya bilmişdir. Əsas etibarilə əyalətlərdə, xüsusilə də kəndlərdə qadına münasibət hələ də ənənəvi xarakter daşımaqdadır. Belə şəraitdə şübhəsiz ki, ənənəviçilik prinsiplərinə sadiq qalmaqla gender problemlərinin düzgün həllini tapmaq olduqca çətindir. Burada bir çox münasibətlərə baxışlar kökündən dəyişməli, problemlərin həlli istiqamətində cəsarətli addımlar atılmalıdır. Başqa sözlə, qoyulan məsələyə dair formalaşmış mentalitetin bir sıra neqativ halları islah edilməlidir. Bu isə ilk növbədə maariflənmə və bu istiqamətdə sağlam görüşlərin geniş təbliği ilə mümkündür.

Çağdaş Azərbaycan cəmiyyətində qadın probleminə liberal yanaşma metodundan söz açıldıqda isə qeyd etmək lazımdır ki, bu prinsiplərin əsas mənbəyi kimi birmənalı olaraq Qərb ölkələri modeli qəbul edilir. Bu istiqamətdə isə Azərbaycanda bir çox hallarda həmin cəmiyyətlərdə olduğu kimi, liberalizm və şəxsi azadlıq şüarı ilə daha çox bayağılıq və qadınların açıq-saçıqlığına rəvac verilir, bu ruhda geniş təbliğatlar aparılır və nəticədə milli mentalitetimiz və mənəvi dəyərlərimizlə əsla uzlaşmayan, keyfiyyətcə tamamilə yeni bir atmosfer formalaşır. İnkaredilməz faktdır ki, Qərb modelinin geniş yayılması nəticəsində günümüzdə qadınlardan bir çox hallarda qazanc, reklam və əyləncə vasitəsi kimi istifadə olunur. Hər halda cəmiyyətdə yer alan bir çox faktorlar bunu söyləməyə əsas verir. Buna misal olaraq aşağıdakı halları göstərmək mümkündür. Məsələn, sabun və ya şampun istehsalçıları öz mallarının satışını daha səmərəli həyata keçirmək üçün çılpaq qadın şəkillərindən istifadə edirlər. Burada bir çoxları qadının dəyərinə, bu dəyərlə bağlı hüquqlarına laqeyd münasibət bəsləyir və əslində qadın ülviliyini ucuz qazanc müqabilində qurban vermiş olur... Bir ticarət mərkəzi mallarının satışı üçün, bir müəssisə ofis işlərinin həyata keçirilməsi üçün bilik və iş bacarığına görə deyil, zahiri ölçülərinə görə gənc və cazibədar qadınları işə cəlb edirlər... Televiziya kanalları ilə bəzən hətta saqqız reklamında belə qadınla kişinin bayağı, etik qaydalara uyuşmayan davranışları nümayiş etdirilir və s. Bu xoşagəlməz hallar o qədər geniş vüsət tapmışdır ki, artıq əhali bütün bunları normal bir hal kimi dəyərləndirməyə başlamışdır. Daim iffət-namusu ilə seçilən və fəxr edən millətimizin qız-gəlinləri bir çox bu kimi hallarda ucuz reklam və əyləncə vasitəsinə çevrilərək öz həqiqi məqamlarını, ülvi haqlarını əldən verməkdədirlər. Təəssüflər olsun ki, yanlış təbliğatın bayağı çalarları müasirliyi, inkişafı elmə, texnoloji tərəqqiyə sarılmaqda deyil, gənclərin bayağı davranışı ilə əslində onların bir əyləncə vasitəsinə çevrilməsində tərənnüm etməkdədir. Qadının cəmiyyətdəki rolu və dəyəri öz həqiqi mehvərindən uzaqlaşmaqda, bir çox hallarda ana kimi ülvi anlayışların üzərini qara buludlar təhdid etmiş olur. Bu məcrada Qərb ölkələrinin bir neçə onilliklərdir düçar olduğu böyük bir sosial problem cəmiyyətimizə sirayət etməkdədir. Belə ki, qadına olan belə münasibət nəticəsində ailə institutu sarsılır ki, bunun da fəsadları bütövlükdə millətimizin gələcəyi üçün olduqca böyük təhlükələr vəd edir. Boşanmaların və məsum körpələrin taleyin hökmünə atılması faktlarının artması məhz cəmiyyətdə ailə məfhumunun sarsılmasından xəbər verir. Burada ailə üzvlərinin vəzifə və öhdəlikləri anlayışı öz mahiyyətini itirir və istər ər-arvad, istərsə də valideyn-övlad münasibətlərində bu vəziyyət açıq-aşkar özünü göstərir. Belə bir şərait cəmiyyətin demoqrafik inkişafına da neqativ təsir göstərir. Uzun zamanlardır ki əksər Qərb dövlətləri bu problemlə üzləşmiş və hazırda ciddi cəhdlə onun həlli yollarını aramaqdadırlar. Qeyd edək ki, qadın probleminə Qərb modelli liberal baxış əsasən paytaxt və bir sıra iri şəhərlərdə müşahidə olunur və ənənəvi prinsiplərin mühafizə olunduğu əyalətlərdə belə faktlara hələ ki nadir hallarda rast gəlinir.

Problemə din prizmasından yanaşdıqda isə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Müqəddəs İslam dinində qoyulan məsələ çox aydın şəkildə öz həllini tapır və problemlərin əsas hissəsini təşkil edən qadın hüquqlarının qorunması istiqamətində konkret göstərişlər verilir. Burada hər şeydən öncə qadının cəmiyyətdəki ülvi məqamı və rolu göstərilir və o, cəmiyyətin tərbiyəçisi kimi səciyyələnir. Belə ki, İslam bu xüsusda cəmiyyətin özəyini təşkil edən ailə intitutunun möhkəmliyinin təmin olunmasını labüd hesab edir və ailədə ər-arvad və valideyn-övlad münasibətlərini ülvi tərzdə tənzimləyir. Burada həm sosial-iqtisadi, həm də psixoloji aspektlərə xüsusi önəm verilir. Ailənin tərəflərin qarşılıqlı razılığı ilə qurulması, eləcə də ailə münasibətlərində məhəbbət və səmimiyyətin zəruriliyi və s. bu kimi göstərişlər möhkəm ailənin başlıca istiqamətləri kimi qiymətləndirilə bilər. Müsəlman ailəsində ər ilə arvad öz ailə xoşbəxtliyini bir-birlərinin və öz övladlarının xoşbəxtliyində görür və ciddi cəhdlə öz ailə ocaqlarının keşiyində dayanırlar. Digər tərəfdən, İslama görə, nəfəqə, yəni arvadın mənzil, yemək və geyim ilə təmin olunması ərin üzərinə düşən vacibi öhdəlik hesab edilir və ər Allah qarşısında bu öhdəliyin daşıyıcısı sayılır. Bununla da qadına saf övladlar tərbiyə etmək üçün lazımi şərait yaradılır ki, bu tərbiyə məcmu olaraq yeni nəsli, yeni cəmiyyəti ərsəyə çıxarmış olur. Beləliklə də qadın əslində yeni cəmiyyətin tərbiyəçisi kimi ülvi bir öhdəlik daşımış olur. Deməli, cəmiyyətin gələcəyi bilavasitə qadınların övladlarını necə tərbiyə edəcəyilə şərtlənir. Şübhəsiz ki, bunun ilkin şərti isə qadının bir ana, bir tərbiyəçi olaraq özünün yüksək tərbiyəyə malik olmasıdır. Heç bir ana özünün malik olmadığı dəyəri öz övladına verə bilməz. Bu baxımdan qadının bötövlükdə cəmiyyətin formalaşmasında oynadığı rolu heç nə ilə ölçüyə gələ bilməz. İslam dininin buyruqları yüksək mənəvi keyfiyyətlərə malik ana yetişdirir və bununla gələcək nəsillərin saflığını təmin etmiş olur. Müsəlman qız öz davranışlarını bu məcrada tənzimləyir və o, bu gün etdiklərinə görə sabah övladları qarşısında başıaşağı, gözükölgəli olmur. Bu gün elə bir addım atmır ki, övladı da sabah başqalarının qarşısında başıaşağı olsun. O özünü bu günün ləyaqətli qızı, sabahın ləyaqətli xanımı və anası kimi görür və bütün həyatını ilahi tərzdə saf, pak yaşayır.

İslam dini bütövlükdə cəmiyyəti, cinsindən asılı olmayaraq bütün insanları inkişafa, tərəqqiyə səsləyir. Lakin o, bu inkişafı qadının öz bədənini yad kişilərə nümayiş etdirməsində, yüngül davranışda, əxlaqa zidd olan bayağı hərəkətlərdə deyil, elmə yiyələnməkdə, bilik əhlindən olmaqda görür. İslam qətiyyətlə geriçiliklə mübarizə aparır, lakin bu din namus və ləyaqət məsələsini heç zaman gerilik kimi qəbul etmir. Onun mübarizə apardığı geriçilik nadanlıq, savadsızlıq, tüfeylilik, əxlaqsızlıq və cahil həyat tərzinə xas olan bu kimi hallardır...

Günümüzdə Azərbaycanda mənəvi dəyərlərimizə, dinimizin buyruqlarına uyğun həyat tərzi istər paytaxtda, istərsə də əyalətlərdə yaşayan qızlarımız-qadınlarımız arasında geniş vüsət tapmaqdadır. Uzun illər dinsiz bolşevik rejiminin qadağalarına məruz qalmış millətimiz qəlbində yaşatdığı saf, pak ilahi hissləri ölkəmizin müstəqilliyə, azadlığa qovuşmasıyla gerçəkləşdirmək imkanı əldə etmiş və müsəlman həyat tərzini tərcih etmişdir. Biz bu mənəvi dəyərlərimizin qorunmasında və inkişafında əməyi olan bütün əziz həmvətənlərimizə dərin minnətdarlığımızı bildirir və bu yolda özümüzü onların sıralarında görürük...

Qadının cəmiyyətimizdəki rolundan danışdıqda bir çox aspektlərə, bir çox məqamlara toxunmaq olardı, lakin zənnimizcə, tarix boyu olduğu kimi, bu gün də bu ülvi, zərif, saf və incə məxluqun ən başlıca önəmi və rolu elə onun bütövlükdə cəmiyyətimizin, bu günümüzün və sabahımızın tərbiyəçisi, anası olmasıdır. Belə isə, gəlin onların bu ülvi məqamını layiqincə qoruyaq və mənəvi dəyərlərimizdən irəli gələn bu tələbi layiqincə yerinə yetirək.



 
  Bu gün 182 ziyaretçi (299 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol