Shia ahli
  Elmi Dəlillərlə Allahın Sübutu (1-ci hissə)
 

Dəlilin bəyan edilməsi yolu, dəlilin özündən tamamilə fərqlənir. Misal üçün: Bəzən siz günəşin aydan böyük olmasını sübut etmək istəyir və alimlərin sözlərinə istinad edərək alimlər belə deyirlər - deyirsiniz. Burada siz alimlərin sözünü həqiqəti isbat etmək üçün dəlil kimi qəbul edirsiniz. Bəzən isə yuxunuza istinad edərək filankəs tezliklə öləcəkdir deyirsiniz. əvvəlki misala uyğun olaraq burada da siz yuxunuzu, həqiqəti isbat etmək üçün dəlil hesab edirsiniz. Bəzən isə siz yer kürəsini iki mənfi və müsbət qütbə malik olan böyük bir maqnit sahəsi hesab edir və dəlil olaraq deyirsiniz ki, hər vaxt kompası üfiqi şəkildə yerə qoysaq, əqrəbinin bir tərəfi şimal, digər tərəfi isə cənub istiqamətində olur. Bu misalda isə həqiqəti isbat etmək üçün təcrübəni dəlil gətirirsiniz. Şübhəsiz, hər bir istidlalın doğruluğu həmin üslubun düzlüyü ilə qırılmaz şəkildə bağlıdır.
Yuxarıda qeyd olunanlardan məlum oldu ki, Ulu Yaradanı sübut etmək üçün lazım olan elmi dəlil ehtimala əsaslanan istiqra (eksperimental müşahidə) metodundan bəhrələnir. Biz elmi dəlili şərh etməzdən qabaq bu metodu açıqlamağı lazım bilirik. Sonra onun barəsində mülahizələrimizi bəyan edərək, onun dəyərini qiymətləndirəcəyik və bu metodun səlahiyyət dairəsini, eləcə də həqiqətlərin kəşf edilməsində, varlıqların tanınmasında ona hansı dərəcədə etimad edib əsaslanmağın mümkünlüyünü bəyan edəcəyik.
Ehtimal əsasında olan istiqra (elmi müşahidə) metodunun çox mürəkkəb və son dərəcə dəqiq olan iradı vardır. Onun barəsində hərtərəfli şəkildə mülahizə yürüdülüb tənqid edilməsi, ehtimal nəzəriyyəsi və məntiqi istiqranın tam şəkildə təhlil edilməsini tələb edir.
Düşünülməsi həddindən artıq çətin olan bu təhlili irəli çəkmədən təkcə aşağıdakı məsələləri izah etməyə başlayırıq:
1. Dəlil gətirməkdə hansı metoddan istifadə edəcəyimizi təyin etmək və onun mərəhələlərini sadə və müxtəsər şəkildə izah etmək;
2. Bu metodun elmi dəyəri barədə mülahizələri qeyd etmək və onun hansı dərəcədə etibarlı olmasını müəyyənləşdirmək. Biz bunu məntiqi təhlil və ya riyazi məntiq əsasında deyil (çünki, bu yol bizi çox mürəkkəb və dəqiq məsələləri irəli çəkməyə məcbur edər), məhz bütün sağlam düşüncəli insanlar tərəfindən məqbul sayılan mötədil bir metod ilə bəyan edəcəyik və sonra göstərəcəyik ki, Allahın sübut edilməsində istifadə olunan bu metod, eynilə gündəlik həyatda və elmi tədqiqatlarda işlənən və son dərəcə mötəbər bir metoddur.
Sonradan qeyd olunacaq mətləblərdən aydın olacaq ki, Allahı sübut etmək üçün istifadə edilən metod, adətən gündəlik həyatda və elmi həqiqətlərin araşdırılmasında işlədilən metod kimidir. Belə ki, bu həqiqətlərin düzlüyünə yəqin şəkildə inandığımız kimi, bütün həqiqətlərin əsası olan Allahın varlığını da həmin şəkildə qəbul edirik.
Misal üçün, siz bir məktub alırsınız. Onu oxuyub qurtarandan sonra dərhal qardaşınızdan olması barədə yəqinə çatırsınız. Və yaxud dəfələrlə xəstələri yaxşı müalicə edən bir həkimi görəndə, ona inanır və onun mahir həkim olduğunu dərk edirsiniz. Və ya insan bir neçə dəfə xəstələnib hər dəfədə də penisilindən istifadə edəndə və ayrı-ayrı səbəblərə görə orqanizmində mənfi təsirlər gördükdə, belə bir qəti nəticəyə gəlir ki, bədənində penisilinə qarşı həssasiyyət (allergiya) vardır.
Siz bu kimi misalların hamısında müşahidə və ehtimallara əsaslanan istiqra metodundan istifadə etmisiniz.
Təbiətşünas bir alim günəş sistemində apardığı elmi tədqiqat və axtarışlarında müəyyən oxşar xüsusiyyətləri görəndə, bu nəzəriyyəni irəli sürür ki, planetlərin hamısı əvvəlcə günəşin bir hissəsi olmuş və sonradan ondan ayrılmışlar. Yaxud, bu alim günəş sistemində olan Neptun planetinin varlığını ehtimal verəndə, gözlə görünmədiyi halda, sair planetlərin hərəkət trayektoriyalarına diqqət yetirməklə onu kəşf etdi.
Atomları böyüdərək müşahidə edən cihaz - mikroskop ixtira olunmamışdan qabaq, müəyyən hadisələrə diqqət yetirməklə elektronun da varlığı məlum olmuşdu. Alimlər yuxarıda qeyd olunan bütün bu elmi tədqiqatlarda, həqiqətdə ehtimal əsasında olan istiqra metodundan itifadə etmişlər.
Gələcəkdə görəcəyimiz kimi, bu metodun özü elə Böyük Yaradanın isbat olunmasında istifadə olunan metoddur. Biz həmin dəlili bəyan edərkən bu məsələni də aydın şəkildə görəcəyik.

 
  Bu gün 36 ziyaretçi (484 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=