Təvəllüd
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn,
Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan
rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın
düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində
öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi! Bu xanədanın üçüncü
övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.Zeynəb
atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini
yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı
məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət
dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq: SƏMAVİ AD
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan
Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan
qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin. Peyğəmbər (s)
səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə
çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu:
Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək
yalnız Allaha məxsusdur. Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah
buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam.
Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza
hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir. Yə`ni həzrət Xədicənin
fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və
mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Zeynəb
Aşura hadisələrində
Döyüş
başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir.
Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir
dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu
incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan
və belini sındıran da məhz bu səhnələr idi. Toz-torpaq kimi üstünə səpələnən bü
müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan
təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin
davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə
qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi.
Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin
canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı. Hələ Zeynəb
yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol
vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur
viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla
hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir
karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır.
Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.
Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq,
biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir
etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə
haqqında söhbət açacağıq.
Əbədiyyət
danışığı
Əgər məclis
həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o
qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan
vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi.
Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki,
Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, islam
hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama
qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məs`uliyyət daşıyır.
Onlara göstərdi ki, islam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.
Zeynəb
anası Fatimə (s) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və
hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər və onun
Əhli-beytinə salam göndərdi və öz sözünü Qur`andan bir ayə ilə belə başladı.
«Sümmə kanə
aqibətəlləzinə əsaussuvə ən kəzzəbu bi ayatillah».
“Pis iş
tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib və onu istehza
etdilər.” Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər
kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin
artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə
olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun
sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən.
Allahın buyruğunu unutmusan ki, buyurur: Kafirlər onlara verdiyimiz fürsətin
özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah
yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və
rüsvaylıqdır. Ey azad olunmuşun oğlu!* Bu ədalətmidir ki, sənin qızların və
kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin qızlarını
əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və
yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə
onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat
axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu
olan adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən kaş Bədr döyüşündə
öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər
balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş
tutmusan. niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər balalarının və
Əbdül Mütəllib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin.
Şadlanma, çünki, tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən
ki, kaş kor olaydım və bu günü görməyəydim, “Babalarım bu məclisdə olsaydılar,
şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi özün bizim
haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx. And olsun Allaha, öz
dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək
parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda
Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah öz və`dəsini yerinə
yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə
yığılacaqlar. çünki, o özü belə deyir: «Allah yolunda ölmüşləri ölü sanmayın,
onlar diridirlər və Allahın ne`mətlərindən bəhrələnirlər». Amma səni nahaq yerə
müsəlmanların boynuna mindirən Müaviyə, Məhəmməd məhkəməsi qurulacağı, Allahın
hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman
hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən.
Ey Allahın
düşməni Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni
danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah
sinəmdə şö`lələnir. Hüseyn öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər
xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin
nəticəsi olan beytul-maldan ən`am almaq üçün, bizi Kufədən ağılsızların
sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları
bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə
cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə
yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə
bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa
bir nəticəyə yetişməyəcəksən. O gün sən İbni Ziyadı köməyə çağıracaqsan, o, da
səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında
toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün
hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən
Allahdan başqasından qorxmur və ondan başqasına şikayət etmirəm. nə istəsən et,
nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər. And olsun Allaha, sənin
üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki,
cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib
etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara
sayə etsin, çünki O, çox qüdrətlidir.
Dəməşq
camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldular.
Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı
yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə
onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı
ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu
qəlbdən qüvvət alan danışığın nəticəsi mə`lumdur. Ən daş qəlbli insan belə,
iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini
görür və bir müddət qərara gəlməkdə aciz olur. Bütün saraya ölümcül bir sükut
çökmüşdü. Yezid saraydakıların üzündə narazılıq əlamətini görüb dedi: Allah
öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin ölmünə razı deyildim. Sonra əsirlərin
bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer
hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək
istəyənlərə mane olmasınlar. O Əli ibni Hüseyni hər günorta və axşam süfrə
başına də`vət edir, onunla yemək yeyirdi. Görəsən doğrudan da Yezid zərrə qədər
də olsa peşiman olmuşdurmu? – Bu köçəri camaatın işlərinin gedişini təhlil
etdikdə belə bir güman oluna bilər, bu güman özünə yer tapmamış başqa bir
xatircəmlik onu kənar edir. Belə ki, əgər Yezid belə etməsəydi, Kufə üsyanının
Dəməşqdə də aşkar olacağı mümkün idi, baxmayaraq ki, onu tezliklə əzmək olardı.
Hər halda bu gün və məclisin gedişatından Şam camaatının bir dəstəsi bildi ki,
müsəlman onlar bildiyi kimi və hakim də onlara hakimlik edən şəxs deyilmiş.
Qorxmazlıq
zirvəsi
Həzrət
Zeynəbin şücaətini, onun qəlbinin əzəmət və qüvvəsini daha düzgün
dəyərləndirmək üçün Yezidin məclisinin ab-havası, o Həzrətin mə`nəvi vəziyyəti
və sözlərini daha yaxşı aydınlaşdırmaq lazımdır. Yezidin məclisinin ab-havası
qorxu və vəhşətdən ibarət idi. Yezid özünü son dərəcə qalib və güclü görürdü.
Qoşun və camaat onun ətrafını tutmuşdular. Düşmənləri əsir edilmişdi,
müxaliflərinin rəhbəri imam Hüseyn (ə)-ın müqəddəs başı onun qarşısında idi.
Əsirlər bir dəstə qadın, uşaq və xəstə imam Səccad (ə)-dan ibarət idi. Yezid
qürur və mənsəbpərəstlik məstində idi. Şam onun hökumətinin mərkəzi və camaat
da atası Müaviyənin yetişdirdiyi camaat idi. Amma Zeynəb Mədinədən Məkkəyə,
Məkkədən Kərbəlaya və Kərbəladan Kufəyə və Kufədən Şama qədər olan səfər
boyunca, aləmin ən böyük müsibətləri çəkdirilmiş, bu təhlükə dolu səfərində bir
az da rahatlanmamış, heç bir şəxs və ya qüdrətin köməyi olmadan, əsirlər
karvanının böyüklüyünü öhdəsinə almış, onları hər yerdə qoruyub saxlamışdı.
İndi isə Allah Rəsulunun balalarının vəziyyətini, imam Səccad (ə)-ın
zəncirlənmiş əl-qolunu və Yezidin, qardaşı imam Hüseyn (ə)-ın müqəddəs başını
təhqir etdiyini görürdü. Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli
şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət
və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub, onun bütün üzdəniraq
əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət fəryadını zaman durduqca
yayır və yatmış vicdanları oyadır.
Vəfat
Mədinəyə
daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam
gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb
ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan
ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı
səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və
Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya
yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha
bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr
et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini
bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi. Belə uca bir ruhla və bu növ
əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla
yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah
yolunda səbr və dözüm dərsini hamıya göstərdi. Dünyaya göz açdığı, dünyadan
köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!
İbadət və
bəndəlik
Allaha
bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının tə`minatçısıdır və
insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu
bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın
canişini və mələklərin səcdəgahı olur. Bəndəlik bütün vücudu ilə öz ağa və
mə`budunun qulluğunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan
başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək
deməkdir. Bəndəlik və ixlasın mə`nası budur. İnsanın bəndəliyinin qədəri onun
Allaha olan mə`rifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı
yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm asılılıq və
ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər. Peyğəmbər və imamlar
mə`rifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın
əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış,
bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin
əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha
əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə
edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil
etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü
büruzə verir. O, gecə yatmamaq və mə`budu ilə razi-niyaz etməyin aşiqi, gecə
oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə)
Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu
vidasında bacısına buyurdu: «Ya uxtah, la tənsini fi nafilətil-ləyl». “Bacıcan,
gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə
nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında
dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə
bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki,
imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və
çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz
ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı
həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və
o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və
həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı
bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir. Belə bir şəraitdə danışmaq böyük
bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan
Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub,
onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət
fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır.
Səbr və
dözüm
Həqiqi
səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün
mö`mindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki,
rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir.
«Əssəbru minəl imani bi mənzələtir–rə`si minəl cəsəd». “Səbrin imana nisbətən
mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu tə`bir imanın həyatı və
mö`mininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində olduğunu, səbirsiz
mö`minin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz
vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr
barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah
bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Allaha
bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə ehtiyac var.
Mö`min insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var.
Allah yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın
inkişaf və kamilliyidir. Yə`ni, Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf
səviyyəsini formalaşdırır. Necə ki, Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu
üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq,
çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı
tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi
imanın həqiqətini dərk etməyə zəminə yaradır. Allah yolunda çəkilən çətinliklər
və müsibətlərin başqa bir tə`siri axirətdə insana nəsib olan səvab və
ne`mətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri,
xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya bəlaları ilə öz
nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bə`zən isə kamillik
və behişt ne`mətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə
müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin. İmam Sadiq (ə) buyurur:
Bə`zən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin bəndə bunu öz
əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə, fəqirliyə
və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr edərsə
Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki, öz yol
yoldaşlarına buyurur: «Fə`ləmu ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li
ibadihi bi ihtimalil məkarihi». «Bilin ki, Allah çətinliklərə dözməklə
bəndələrinə dəyərli məqam və dərəcə verir». Yaşayışın gətirdiyi çətinlik və
müsibətlər üçün deyilən qiymətlərə nəzər salmaqla belə nəticə almaq olar ki,
imanlı insanlara üz verən müsibət və çətinliklərin iki cəhəti vardır: Biri xoşa
gəlməz və pis olan zahiri cəhəti, digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu
cəhətdən də rəvayətlər, müsibətləri mö`minlər üçün ilahi hədiyyə və töhfə kimi
tanıtdırır. «Əl məsaibu minhun minəllah». «Çətinliklər Allah tərəfindən
hədiyyədir». Odur ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin
gözəl üzünü görürlər və onun qarşısında təslim və razı olurlar. Yə`ni,
müsibətin baş verməsi ilə bağlı heç bir şikayət və giley-güzar olmadığından
əlavə razı və şaddırlar. Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin
gözəl və həqiqi üzünü gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında
səbr edir. Zeynəbin həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə
yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri,
atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət
müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük
müsibəti sayılır. Zeynəb bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından
onun adı səbrlə qoşa çəkilir. Zeynəbin səbrini övladları, qardaşı, qardaşı
balaları və başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini
südəmər uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar.
Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında imam
Səccad (ə)-a ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət
Zeynəb səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə
gözəl mövqeyini bəyan edəndə görmək olar. «Ma rəəytu illa cəmilən».