Shia ahli
  Kərbəlada Qadınların öyrətdiyi dərslər-İxlas və Allaha bəndəçilik
 

Kərbəlada Qadınların öyrətdiyi dərslər-İxlas və Allaha bəndəçilik
Kərbəla xanımlarının bütün dünya qadınlarına öyrətdiyi dərslərdən biri ixlas, übudiyyət, Allaha səcdə və namazın əhəmiyyətidir. Tarixdə yazırlar ki, Xanım Zeynəb (s.ə) anası Fatimə (s.ə) və atası Əli (ə) kimi ibadət edərdi. Xanım Zeynəb (s.ə) namazlarında o qədər dəqiq bir insan idi ki, Kərbəlada, hətta aşura gecəsi belə gecə namazını təxirə salmadı. İmam Hüseynin (ə) qızı Fatimə belə deyir: Bibim Zeynəb (s.ə) aşura gecəsi belə gecə namazını tərk etmədi. Səhərə qədər namaz qılıb, Allahla münacat edirdi.
Elə bir gecədə, səhər başlarına nə iş gələcəyini bildiyi halda namaz qılıb, Allaha dua edirdi. İmam Hüseyn (ə) sabahısı gün əvvəldən axıra nə baş verəcəyini Xanım Zeynəbə (s.ə) xəbər vermişdi. Xanım məhərrəm ayının on birinci gecəsinin ən ağır gecələrdən biri olduğuna baxmayaraq, gecə namazını qılmağı və Allaha dua etməyi ötürmədi. İmam Səccad (ə) buyurur: Bibim Zeynəb (s) hətta əsirləri Kərbəladan Kufəyə, Kufədən Şama apararkən belə yollarda gecənin nafilə namazını tərk etmədi. Bəzi gecələr mənzillərdə gecə namazını oturan yerdə qılırdı. Çünki bəzən yemək az oluduğundan öz payını uşaqlara paylayırdı. Üç gün ac qaldığından ayaq üstə namaz qılmağa taqəti olmurdu. Buna görə də gecə namazını əyləşdiyi yerdə qılardı.
Siz təsəvvür edin ki, Kərbəlada qardaşları, qardaşı uşaqları, yaxın adamları, hətta öz oğlanlarının şəhid olmasına baxmayaraq, bütün bu məsuliyyətin ağırlığını çiyinlərində daşıdığı bir halda hətta gecənin müstəhəb namazını belə ötürmədi. Yorğunluq və aclıq o şəhamətli xanımı taqətdən salsa da belə, əyləşdiyi yerdə gecə namazını qılırdı. Həzrət İmam Hüseyn (ə) sonuncu dəfə meydana gedəndə bacısı Zeynəblə (s.ə) vidalaşarkən belə buyurdu: “Ey bacım, gecə namazlarında mənə dua etməyi unutma.”
Xanım Zeynəbin (s.ə) məqamına diqqət yetirin. Görün o necə abid, zahid, arif və təqvalı insan idi ki, İmam Hüseyn (ə) ondan dua etməyini istəyir.
Əgər bir insan ibadətlərində möhkəm olarsa və xanım Zeynəb (s.ə) kimi diqqətli olarsa, bu əməli onda iki xüsusiyyət yaradar. Biri budur ki, dünyanın bütün müsibətləri həmin şəxsə asan olar. Böyük alimlərdən biri xanım Zeynəbin (s.ə) məqamı haqda belə yazmışdır: Əgər bir insan xanım Zeynəbin (s.ə) məqamının nə dərəcədə yüksək olduğunu bilmək istəyirsə, Həzrətin (ə) bu kəlamına diqqət yetirsin: Əsirlər şəhidlərin cənazələri ilə vidalaşarkən Xanım Zeynəb (s.ə) qardaşı İmam Hüseynin (ə) cənazəsinin kənarında dayanıb, əllərini göyə qaldırdı və Allahla belə münacat etdi: “Ilahi, bu az qurbanlıqları bizdən qəbul elə.”
Xanım Zeynəbin (s.ə) nəzərində Allahın əzəməti hər şeydən böyük və üstün idi. Çünki o bilirdi ki, kimin hüzurundadır. Çünki Xanım Zeynəb (s.ə) Allahı həqiqətən tanıyırdı. Onun böyüklüyünü dərk etmiş bir xanım idi. Buna görə də Allahın böyüklüyü qarşısında verdiyi bu qurbanların hamısının az olduğunu bilirdi. Onun yolunda hər şeyi qurban verdi.
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allahın böyüklüyünü dərk edən insanın gözündə hər şey kiçik görünər.”
Dünyada bizə üz verən müsibətlərə səbirsizlik etməyimiz ona görədir ki, Allahın böyüklüyünü başa düşmürük. Xanım Zeynəb (s) Allahın böyüklüyünü dərk etdiyinə görə, ona üz verən hər bir müsibət və çətinliklər asan gəlirdi. Bilirdi ki, bütün bunlar kimin hüzurunda və kimin razılığı altında baş verir. Hətta öz oğlanları şəhid olandan sonra çadırda əyləşib Allahla belə münacat edirdi.

İlahi, nisbəti lütfünə naçizidi, neynim olanım,
Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım.
--------------------------------------------------------------------------------
Allaha ibadət etməyin, gecələr Onunla münacat etməyin ikinci xüsusiyyəti budur ki, Allah həmin insanın münacat və dualarını qəbul edər. Nəcəf şəhərində bazarda bir fəhlə işləyirdi. O, ömrünün əvvəlindən axırına qədər namazlarını vaxtlı-vaxtında qılar, gecə namazını da heç vaxt əldən verməzdi. Bu insanın dilinə haram dəyməmişdi. Dolanışığını təmin etmək üçün fəhləlik edərdi. Bir gün bir yerdən keçərkən bir uşaq damın üstündən yerə yıxıldı. Yerə yıxılarkən bu kişi uşağa baxıb dedi. Dayan. Uşaq damla-yerin arasında havada asılı vəziyyətdə qaldı. Gəlib uşağı götürüb yerə qoydu. Bu hadisəni müşahidə edən camaat onun ətrafına toplaşıb təəccüblə onun kim olduğunu soruşdular. Həmin kişi dedi: Mən heç kim. Allahın bir bəndəsi. Camaat dedi: Sən qeyri-adi bir insansan. Belə bir qüvvəyə maliksən. Kişi dedi: Xeyr, mən adi bir adamam. Altmış ildir ki, Allahın mənə buyurduqlarını eşitmişəm. Bu dəfə də mən Allahdan istədim O da məni eşitdi.
Zeynəb (s.ə) yüksək məqamlı bir xanım idi. Allah onun dualarını qəbul edirdi. Onu bu məqama çatdıran təqvası, imanı, Allaha müti olması, gecə namazları və bu kimi əməlləri idi. Xanım Zeynəb (s.ə) hacətlər qapısıdır. Onun ətəyinə əl atan şəxsi əli boş yola salmaz. Hər kəs dualarında xanım Zeynəbi (s.ə) vasitəçi qərar verərsə, Allah həmin şəxsin dualarını qəbul edər. Allaha dua edərkən insanla Onun arasında vasitəçini qəbul etməyən insanların həqiqətdə gözləri kordur. Belə şəxslərin həqiqətdən xəbərləri yoxdur.
Çadırlara od vurub qarət etməyə başladılar. Düşmənlərdən biri çox alçaqlıq edib, İmam Səccadın (ə) çadırına girib nə vardısa yığdı. Çıxanda gözü İmamın (ə) üstündə əyləşdiyi dəriyə sataşdı. Geri qayıdıb o dərini İmamın (ə) altından dartıb götürdü. İmamın (ə) qızlarından birinin qulağından sırğanı qopardıb getdi. Xanım Zeynəb (s.ə) bu hadisədən ürəyi bərk ağrıdı. Həmin şəxsə dedi: Sənin əllərin, ayaqların kəsilsin. Səni görüm axirətdən qabaq dünya oduna yanasan. Kərbəla hadisəsindən bir az keçməmiş Muxtar qiyam etdi. Kərbəla cinayətkarlarının hamısından qisas aldı. Həmin şəxsin həm əl-ayağını kəsdi, həm də onu odda yandırdı. Muxtar heç özü bilmirdi ki, Xanım Zeynəb (s.ə) həmin adama belə nifrin etmişdi.
Əsirləri Kufəyə gətirərkən bir nanəcib qadın hasarın kənarında dayanmışdı. Elə ki yaralı başları nizələrdə şəhərə daxil etdilər, bu qadın İmam Hüseynin (ə) başına daş atdı. Xanım Zeynəb (s.ə) ona baxıb dedi: “Səni görüm bundan artıq yaşamayasan. Xanım bu qarğışı edən kimi divar həmin qadının başına uçdu.”
Beləliklə, insan əgər namazlarında diqqətli olsa, xalis niyyətlə Allaha ibadət etsə, Allah həmin şəxsin dualarını qəbul edər. Aşura gecəsinin fəlsəfəsi namazdır. İmam Hüseyn (ə) bütün müsəlmanlara namazın mühümlüyünü öyrətmişdir. Hətta gecələr durub Allaha ibadət etməyi, Onunla münacat etməyi əməli surətdə öyrətdi. İnsan bacardığı qədər namazı vaxtında qılmalı, imkan daxilində camaatla qılmalıdır. Çünki İmam Hüseyn (ə) döyüş zamanı namazın vaxtı çatan kimi döyüşü saxlayıb, namazı öz vaxtında camaatla qılırdı. Bu hərəkət bir daha namazın çox mühüm və vacib olmasını bizə bəyan edir. Tasua günü düşmən ordusu hücuma keçmək qərarına gəldi. İmam Hüseyn (ə) qardaşı Əbəlfəzli çağırıb buyurdu: “Atına min, get onlardan soruş ki, nə etmək fikrindədirlə.”
Həzrət Əbəlfəzl gedib onlarla söhbət edəndən sonra İmamın (ə) yanına qayıtdı və dedi: “Ağa, onlar döyüşə başlamaq istəyirlə.”
İmam (ə) ona buyurdu: “Get onlardan sabaha qədər möhlət al. Biz istəyirik, bu gecə doyunca Allahımıza ibadət edib Onunla münacat edək. Allah bilir ki, mən namazı nə qədər çox sevirəm. Mən bu möhləti yalnız və yalnız namaz qılmağa, Quran oxumağa, istiğfar etməyə görə alıram.”
Həzrət Əbəlfəzl getdi və onlardan möhlət aldı. Elə bir halda, elə bir mövqedə Həzrət İmam Hüseyn (ə) namaz qılmağa görə möhlət alır. Bu mənzərə namazın insan üçün nə qədər əhəmiyyətli olmasının canlı bir sübutudur. İmam Hüseyn (ə) namazın əhəmiyyətini, Xanım Zeynəb (s.ə) isə gecə namazını bizə öyrədir.
Allah-təala “Səcdə” surəsinin 16-17-ci ayələrində gecə namazı barədə belə buyurur: (Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
Bu ayələrə diqqət edin. Quranda ikinci belə ayə bəyan edilməmişdir. Ayədən məlum olur ki, hər kim gecənin qaranlığında durub gecə namazı qılaraq Allahla münacat edərsə, bu əməlin mükafatının nə olacağını Allahdan başqa heç kəs bilmir. Bütün əməllərin əcri barədə hədislərdə və ayələrdə xəbər verilmişdir. Lakin gecə namazının mükafatı o qədər böyükdür ki, onun nə dərəcədə böyük olduğunu Allahdan başqa heç kəs bilmir. Gecə namazı insana nuraniyyət, insaniyyət bəxş edər. Gecə namazı elə bir əməldir ki, onu yerinə yetirən şəxslə Allah fəxr edir. Hədislərdə vardır ki, hər kim gecə yarı yuxudan durub gecə namazı qıldığı halda səcdədə (yorğunluqdan) yatıb qalarsa. Allah-təala göyün hicabını çəkib həmin şəxsi mələklərə göstərərək belə buyurur: “Baxın bəndəmə, ruhu mənim yanımdadır, cismi isə səcdədə.”
Həzrət Peyğəmbər (s) Əliyə (ə) vəsiyyətlərində dəfələrlə gecə namazını tövsiyə edərək buyurardı: “Sənə gecə namazını tapşırıram.”
Kərbəlada qadınlar Xanım Zeynəb (s.ə) başda olmaqla bütün insanlara Allaha xalis niyyətlə ibadət etməyi və gecə namazının mühümlüyünü öyrədirlər. Gecə namazı insanın bir insan kimi formalaşması üçün həyatda mühüm yerlərdən birini tutur. Hər bir insan dualarının qəbul olmasını, nuraniyyət tapmasını, insaniyyət mərhələsinə qədəm qoymasını istəyirsə, gərək bu dərsi öyrənib əməldə həyata keçirsin.

 
  Bu gün 77 ziyaretçi (126 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol