Aşura qiyamı
İmam Hüseyn (ə): “Mən babam Peyğəmbərin ümmətini islah etmək
üçün qiyama qalxdım!"
İmam Həsən (ə) 10 il Müaviyənin xilafəti zamanında yaşadı.
İmam Hüseyn (ə) imamətə çatmasından sonra da 10 il Müaviyənin hökmranlığını
gördü. İslamın necə təhrif olduğunu, bidətlərin gətirildiyini, zülmün və
fəsadın baş alıb getdiyini görən imamlar tərəfdarları olmadığından səbr etməyi
üstün tutdular.
Müaviyə öz ölümündən bir qədər öncə oğlu Yezidi gələcək
xəlifə kimi təsdiqlədi. Bu isə İslam dininin hələ tam otutuşmadığı bir dövrdə
təhrif olaraq səltənət ideologiyasına çevirilməsi demək idi. Necə ki, vaxtı ilə
xristianlığa qarşı mübarizə aparan Roma imperiyası sonradan xristianlığı rəsmi
din elan etməklə bu dini köhnə imperiya ambisiyalarına uyğunlaşdırdı, İslam
dini də əməvilərin əlində eyni məqsədə xidmət edən bir alət olacaq idi.
Müsəlmanların yavaş-yavaş Peyğəmbərin (s) yolundan döndüyünü və İslamın aradan
getdiyini görən İmam Hüseyn (ə) anlayırdı ki, onun kimi insanın qanı
tökülməyincə müsəlman cəmiyyəti qəflət yuxusundan oyanmayacaq. İmam Hüseyn (ə)
özü deyirdi ki, o qiyam etməsə idi, İslamın fatihəsi oxunacaqdı.
Muaviyənin ölümündən sonra Mədinə valisinin Yezidə xəlifə
kimi beyət etmək üçün İmam Hüseynə (ə) müraciət etdi və sərt rədd cavabı aldı.
Bu arada Həzrət Əlinin (ə) və İmam Həsənin (ə) dövründə paytaxt olan Kufədən
İmam Hüseynə (ə) məktublar gəldi. Kufəlilər İmam (ə) beyət etdiklərini və
Yezidə qarşı qiyama hazır olduqlarını yazırdılar. İmam (ə) öz qohumlarını və ən
yaxın insanlarını ətrafına toplayaraq qiyam etmək niyyətini bildiridi. Bundan
xəbər tutan bəzi insanlar İmamı (ə) inandırmağa çalışırdılar ki, qiyam
mənasızdır, onun ölməyindənsə sağ qalıb sakitcə dini təbliğ etmək daha faydalı
olardı. Bu insanlar qiyamın mahiyyətini anlamırdılar və Allahın məsum İmamına
(ə) məsləhət verirdilər. Onlar üçün Allahın yer üzərindəki nümayəndəsi din
təbliğatçısı və ya alim idi. Keçmiş xəlifələrin zülmünə öyrəşmiş bu şəxslər o
qədər mübarizədən naümid olmuşdular ki, canlarını qoruyub hədis söyləməklə öz
vəzifələrinə əməl etdiklərini düşünürdülər. Onlar Peyğəmbərin vaxtı ilə 3
nəfərlə Məkkə müşriklərinə qarşı qiyamını unutmuş, mübarizədən əsas məqsədin
qələbə deyil, mübarizənin özü olduğunu hələ də anlamamışdırlar. Onalrın gözündə
kiçik bir dəstənin zahiri qələbə çalmaması onların məğlubiyyəti idi. Ancaq İmam
Hüseyn (ə) qanın qılınca qələbə çala biləcəyini sübuta yetirdi. O qadın və uşaq
daxil olmaqla bütün yaxın adamları ilə Məkkəyə tərəf Həcc mərasiminə yola
düşdü. Məkkədə müsəlmanların bütün vilayətlərdən bir araya gəldiyi zaman İmam
(ə) onalrı qiyama səslədi və Həccini yarımçıq qoyub Kufəyə tərəf yola düşdü.
İmam (ə) çox gözəl bilirdi ki, nə Məkkədə onun çağırışına cavab verəcəklər, nə
də Kufə əhli ona dəstək verəcək. İmam (ə) müsəlman cəmiyyətinin mənəvi cəhətdən
ölü və cansız bədən olduğunu anlayırdı. Kufəyə getdiyi arada bir çoxuları İmama
(ə) qoşulmaq istəyirdi, ancaq İmam (ə) öz tərəfdarlarını dən kimi seçirdi, hər
yoldan keçənin onun dəstəsinə qoşulmasına imkan vermirdi. Kərbəla hadisəsinin
qəhrəmanlarının heç biri təsadüfi insan deyildi. Onlar dövrünün ziyalıları, öz
sahələrində birinci, həyatda və işlərində böyük uğurlar əldə etmiş şəxsiyyətlər
idi. Bir sözlə, İmam Hüseynin (ə) ətrafında bütün müsəlman cəmiyyətinin qaymağı
yığışmışdı. Hadisələrin təfərrüatı bir çox tarixi kitablarda yazılıb, bu
baxımdan bu mövzuya çox diqqət ayırmayacağıq. Kufəlilər İmam Hüseynin elçisi
Müslim ibn Əqili şəhid etdikdən sonra Yezidə beyət etdilər. Bu da gözlənilən
idi. Çünki, kufəlilər Həzrət Əli (ə) və İmam Həsənə (ə) də qarşı xəyanətlər
edirdilər. Onlar həmişə təhlükə ilə üzləşəndə Əhli-Beytə (ə) üz çevirirdilər.
Bu xəyanətlərin kökündə qorxu durmurdu: əməvilər onsuzda kufəlilərin malına və
canına qəsd edirdilər. Malına və canına görə qorxan şəxslər, əslində, İmamlara
(ə) dəstək verməli idilər, çünki onlar əmin idilər ki, yalnız Əhli-Beytin (ə)
hakimiyyəti altında onlar amanda qalacaqdırlar. Alimlərdən biri çox gözəl
şəkildə kufəlilərin davranışını əsaslandırır. O deyir ki, kufəlilər iki seçim
arasında idilər: İmam Hüseynə (ə) və ya Yezidə beyət. Yezidə beyət etməyib,
İmam Hüseynə (ə) beyət edib və məğlub olacaqları təqdirdə onları repressiyalar
gözləyirdi. İmama (ə) beyət etməyib, Yezidə beyət edib və məğlub olacaqları
təqdirdə onlardan heç kəs intiqam almayacaqdı, çünki bu xüsusiyyət Əhli-Beyt
(ə) əxlaqına ziddir. Onlar Əhli-Beytin (ə) kəramətinə arxayın olub Yezidə beyət
etdilər.
Bundan xəbər tutan İmam Hüseyn (ə) Fərat çayının
yaxınlığında yerləşən Kərbəla adlı bir çöldə düşərgə saldı. Bu zaman onun
yanında 130-a yaxın insan var idi ki, onalrdan 72-si döyüşə hazır olan kişilər
idi. İmam Hüseyn (ə) bu anda da düşmən qoşununa özünü tanıtdırır, heç olmasa
bircə nəfəri də cahiliyyət və mənəviyyatsızlıq bataqlığından xilas etmək üçün
çalışırdı. Döyüş günün axşamı isə İmam (ə) öz qoşununa müraciət edərək onlara
şəhadət müjdəsini verdi. Səhər öləcəklərini yəqin bildikləri halda hər bir
əsgərin üzündə sevinc təbəssümü var idi. Çünki sabah onlar Haqq uğrunda
döyüşəcək, Haqq uğrunda şəhid olacaq və təkliyini bütün vücudları ilə dərk
etdiyi Allaha qovuşacaqlar; onlar Allahın təyin etdiyi imamın əmrinə tabe olub
ona yardım edəcklər, istər qalib olsunlar istərsə də məğlub. Elə onların
qələbəsi də bunda idi. Hicri 61-ci ildə Məhərrəm ayının 10-u, Aşura günü
Yezidin göndərdiyi və kufəlilərdən ibarət 30 minlik ordu ilə 72 nəfərlik İmam
Hüseyn qoşunu arasında döyüş baş verdi. Onlar hamısı şəhid edildi, qadın və
uşaqlar, həmçinin xəstə yatağında olan İmam Səccad (ə) əsir götürüldü.