Shia ahli
  Allahın Gözəl Adları və Mənaları
 
 
ALLAH Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
ƏR-RƏHMAN
Ya Rəhman! Sən elə rəhmət edərsənki, rəhmətinin bir parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır.
ƏR-RƏHİM
Ey Rəhim , Sən elə Rəhimsənki, qulaqlarım istər-istəməz Sənin sözlərini dinləməyə can atır, ağlıma vəhyinlə tənəzzül edirsən. Elə Rəhimsənki, Səndən istəyəndə həmişə verirsən, Səndən istəməyəndə də belə, bizə lütf edirsən. Elə Rəhimsənki, haqqı olana həmişə verərsən, haqqı olmayana belə çox bəxş edərsən. Elə Rəhimsənki, dünyanı bu qədər gözəl etmisən, Axirəti bundan daha gözəl etmisən. Ya Rəbbi, qorxudan qəlbimi əmin et mənim, hüzündən qəlbimi azad et. Atəşdən uzaq et məni, hicrana düşürtmə məni, rəhmətinin rəhminə al məni, mərhəmətinin qucağına al qəlbimi.
ƏL-MƏLİK
Ya Məlik! Kimsənin kimsəyə fayda verə bilməyəcəyi gün hökm Sənindir! Göylərin yarıldığı gün sahibim Sənsən, ulduzlar dağılan günü sahibim Sənsən! Varlığım mənə aid deyil, varım yoxum hamısı Sənindir, əlimdə olanlar mənim deyil, sahib olduqlarım da Sənindir, yoxluğa düşürmə məni, darlıq vermə qəlbimə, məkan Sənindir.
ƏL-QUDDUS
Ya Quddus! Quddus Sənsən və qüdsiyyət Səndəndir, buna söz ola bilməz, Sən diləməsən Sən istəməsən heç bir şey pak sayılmaz, könlüm Sənə yönəlmədikcə saf olmaz. Qanımı hər nəfəsimdə təmizlədiyin kimi, nəfsimi də pak elə! Təmizlənənlərə məhəbbət bəslərsən, könlümü məhəbbətinlə təmizlə!
ƏS-SALAM
Ya Salam, Sənsən Salam, Səndəndir salam və salamatçılıq. Əmrini dinləyərək atəş, İbrahimə (Ə.S) sərin və salamat oldu. İbrahim (Ə.S) kimi dostluğuna qəbul et məni. İbrahim (Ə.S) kimi atəşi bir gül et dərimə. Salamını şəbnəm kimi toxundur
ƏL-MÖMIN
Ya Mömin! Sən hidayətini göndərməsən qəlblər necə rahat ola bilər?! Sən qəlbləri imanla rahat etməsən kim inandığından əmin olar?! Sən inandırmasan, kim mömin və imanlı qala bilər?! Nəfsimin hiyləsinƏ, nəfsimin əlinə buraxma məni. Elə bir mömin etki məni, peşmanlıqlarım Sənə döndərsin məni.
ƏL-MUHƏYMİN
Ya Muhəymin! Sənsən qəriblərin sığınacağı, Sənsən kimsəsizlərin dayağı, Sənsən haqqı himayə edən, Sənsən ağlımı aldanışlardan və yalandan qoruyan, Sənsən ayağımı hiylələrdən və tələlərdən qoruyan. Sənki zəifləri qüvvətlilərin şərrindən himayə edərsən, məzlumların haqqını zalimlərdən almağı vəd edərsən. Sənki mənim ən kiçik, ən əhəmiyyətsiz, ən gizli arzularımı da bilir və mənə mərhəmət edirsən. Nəfsimin yalanlarına aldanmaqdan qoru məni. Aşağılara və alçaqlığa yuvarlanmaqdan qoru məni.
ƏL-ƏZİZ
Ya Əziz! İzzət Sənindir və Səndəndir İzzət. Sən istəsən kimsə zillətə düşməz, Sən verməsən heç kimdə izzət qalmaz. Qəlbim yalnız Sənə yönəlir, yaxınlığınla əziz et qəlbimi. Ruhum yalnız səni axtarır, hüzurunla əziz et ruhumu! Mənim halım və vəziyyətim yalnız sənə aşkardır, başqalarının yanında rəzil etmə məni!
ƏL-CABBAR
Ya Cabbar! Sənki məğrurları qürurlarına əsir edərsən, Sənki təkəbbürlük göstərənlərin boynuna təkəbbürlüklərini bir yük edərsən. Sən, zorluq edib zülm edənləri, öz vicdanlarının pəncəsinə həbs edərsən, bir milçəyin vasitəsilə Nəmrudlardan qurtar məni! Bir vasitəçi göndər, fironlardan qurtar məni! Əbabilləri göndər, məni Əbrəhaların fillərindən qurtar! Nəfsimin məni zorlamasına izin vermə! Ağlımın məni azdırmasın keçid vermə! Həmişə itaətçi olaraq sabit saxla məni!
ƏL-MÜTƏKƏBBİR
Ya Mütəkəbbir! Mən acizəm, Sən isə Qadirsən. Mən fəqirəm, Sən Rəhimsən. Mən ölüyəm, Sən həmişə yaşayırsan. Mən çarəsizəm, Sən Əhədsən. Mən möhtacam, Sən ehtiyacsızsan. Mən karam, eşidən Sənsən. Mən koram, görən Sənsən. Mən dilsizəm, danışan Sənsən. Mən yaradılmışam, Yaradan Sənsən. Mən yoxam, var edən Sənsən. Mən heçəm, amma əməllərim böyükdür. Mən yoxsulam, amma istəklərim çoxdur. Mən istərəm, çünki Sən böyüksən, şahid yaz böyüklüyünə bu kiçik qəlbimi.
ƏL-XALİQ
Ya Xaliq! Sən ol deyərkən, hər şey olur, ol deki, olum, yaratdıqlarının arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.
ƏL-BARİ
Ya Bari! Ruhum Sənin əlindədir, bədənim sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı!
ƏL-MUSƏVVİR
Ya Musəvvir! Yoxluğa varlıq surətini geydirən Sənsən. Heçliyə varlıq boyasını cəkən Sənsən. Gözəli gözəl edən ancaq sənin təsvirindir. Sən mənim sifətimi mənim üçün tək, sevdiklərim üçün tanınmış etmisən. Qatında məqbul olan gözəlliklə təsvir et surətimi!
ƏL-ĞAFFAR
Ya Ğaffar! Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən Sənsən, amma bilirəmki rəhmət dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə bağışla məni.
ƏL-QAHHAR
Ya Qahhar! Sən elə Qahharsanki, qəhrində lütfün çox, qəhrində tələsmirsən. Sən elə Qahharsanki, qəhrində ədalət var. Düşmənimiz çoxdur, acizliyimiz də sonsuzdur. Qəhrinlə həlak et zalimləri!
ƏL-VAHHAB
Ya Vahhab! Yoxluğa sırf yox olduğu üçün varlıq bəxş etmisən. Nankorların belə, ruzisini kəsməzsən. İnkar edənlərə belə, nəfəs verərsən. Varlığım Sənin lütfündür, Sənin ehsanındır. Aciz varlığıma lütfünü, ehsanını daim et!
ƏL-RƏZZAQ
Ya Rəzzaq! Xəzinəndə yox deyilən şey yoxdur. Ol deyərsən, hər şey olar. Yaratdığın hər canlının ruzisi sənin qatında saxlıdır. Vəhyin mömin qəlblərin, səlim ağılların ruzisidir. Ya Rəbbi, sənə möhtac olmaq ən böyük zənginliyimdir, Sənin fəqirin et məni! Sənin verdiyinlə doymaq ən böyük ləzzətdir, süfrəndən ayırma məni!
ƏL-FƏTTAH
Ya Fəttah! ! Damla qədər də olsa savabıma görə lütf et və Cənnətinin qapılarını aç üzümə! Yolumu azsam da Kərim olaraq Sənə gələn yolları aç üzümə!
ƏL-ALİM
Ya Alim! Sənin üçün bilmənin və elmin başlanğıcı yoxdur, mən isə ancaq sonradan bilərəm. Sənin bilmədiyin bir an yoxdur, mən isə bəzən bilərəm. Sən açıb söylədiklərimi də bilirsən, içimdə gizlədib demədiklərimi də bilirsən, unudub özümdən gizlətdiklərimi də bilirsən. Öz quyularıma ağlımın iplərini sallaram, amma özümə ağıl verməz. Sən məni məndən çox tanıyırsan. Qəlbimin quyularında dolaşıram, özüm özümə yetmirəm. Sən mənə məndən çox sirdaşsan. Bildiyimi bilənlərdən et məni, bilmədiyimi bilənlərdən et məni! Sənə məlum olan ayıb və qüsurlarımla utandırma məni!
ƏL-QABID, ƏL-BASİT
Ya Qabid, Ya Basit! Genişlik verərkən şükr etməyən kimsəni, dara salarsan. Dara düşəndə də şükr edən kimsəyə genişlik verərsən, təqdir Sənindir! Ya Rəbbi, Sənki imkansız olan şeyi mümkün edərsən, darda qoyma məni, dara düşdüyümdə belə şükr edənlərdən et məni!
ƏL-HAFİZ
Ya Hafiz! Elə Hafizsənki, yoxluğa yuvarlarsan varlığı ilə qürura düşəni. Elə Hafizsənki, zillətə düşürərsən özünü ucaldanı. Qürurdan azad et nəfsimi, zillətə düşürmə məni!
ƏR-RAFİ
Ya Rafi! Ya Rafi! Səcdələrimlə sultan et məni, qulluğumla şərəfləndir məni, qatında rütbələndir məni, yaxşılar arasında xatırla məni, yüksəklərə al məni!
ƏL-MUİZZ
Ya Muizz! İzzətim varsa yalnız Sənin verdiyin qədərdir. Yalnız Sənə itaət etmənin izzətini ver mənə, izzətinə nail et məni!
ƏL-MUZİLL
Ya Muzill! Sənə boyun əyməm, ən böyük sevincimdir! Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir. Sənə möhtac olmam ən böyük şərəfimdir, cavabsız buraxma məni!
ƏS-SƏMİİ'
Ya Səmi! Yarına hər şey bəlli olan birinə yarın danışmağa nə ehtiyac var?! Fəryadım eşidilir açıq-aşkar, dilə gətirməyə nə ehtiyac var?! Dil avara, dodaq biçarə, paralanmağa nə ehtiyac var?
ƏL-BASİR
Ya Basir! Korluğuma koram, gördüyümə belə koram, göstərdiklərinə belə koram, vəd etdiyin cənnətinə belə koram. Sənin görmənlə görər bütün gözlər, aç gözlərimi!
ƏL-HAKƏM
Ya Hakəm! Sən, varlıq ağacını köklərindən çıxarıb, qaranlıqdan vücuda gətirənsən. Sən bu qəlbimi bir nütfə kimi rəhmətinin rəhmində bəsləyib böyüdənsən, qəlbimə dəyən sızıntıları incə-incə söz eylə, yanaqlarıma dəyən göz yaşlarımı damla-damla rəhmət eylə, dodağıma dəyən hecələri dəstə-dəstə dua eylə!
ƏL-ƏDL
Ya Ədl! Sənsən zülmə uğrayanların dayanacağı, Sənsən həzin qəlblərin sığınacağı, Sənin ədalətindir sığındığım, Sənin mizanındır güvəndiyim, nəfsimə zülm etməkdən qoru məni, ədalətinə razı eylə nəfsimi, əyrilməkdən qoru qəlbimi, rizana görə ölçüləndir məni, mizanında gözəl et aqibətimi, asand et sorğu-sualımı, hesab vermə incəliyi ilə yaşat məni, zülm etməkdən uzaq et məni, zülmə uğramaqdan qoru məni!
ƏL-LƏTİF
Ya Lətif! Sənin hökümlərin hər şeyin hər halına incədən incəyə nüfuz edər, hökmünə razı olmağı lütf et mənə! Lütfkarlığınla hökm et mənə!
ƏL-XƏBİR
Ya Xabir! Sənə gizli və sirrli heç nə yoxdur, Səndən qeyriləri bütün halları bilməz. Gizlətdiklərimdən Sən xəbərdarsan, başqaları sirdaşım deyil. Sənin söylədiyindir xəbər, başqaları dərdim deyil, qeybin xəbərləri sənə aiddir, heç bir şey göründüyü kimi deyil. İncəcik sızıntılarımdan və ilk göz ağrılarımdan Sən xəbərdarsan, başqalarının qəlbimin sirrlərindən xəbəri yoxdur. Dərdlərim sənə əyandır, başqaları dərdlərimdən qafildir.
ƏL- HALİM
Ya Halim! Sənki cəzalandırmağa tələsmərsən, həmişə əfv yolunu tutarsan. Sənki qarşıma qəzəbindən çox rəhmətini çıxarırsan, bəlkə peşman olam deyə fürsət verirsən. Sən nəfsimdəki zillət qaranlıqlarımı incitmədən təmizləyirsən. Utanmayım və xəcalət çəkməyim deyə, əksikliklərimi örtürsən. Sən hər nəfəsimi dadlı bir toxunuş edərək məni yaşadırsan. Qəflət və unutqanlığıma rəhmətinin təbəssümü ilə baxırsan. Sonsuz hilminə sığınıram!
ƏL- AZİM
Ya Azim! Göylər və yer əzəmətinə şahiddir sənin, ən sərt daş əzəmətin qarşısında yumşalar, ən yandıran atəş belə əzəmətin qarşısında soyuyar, əzəmətinlə əzm etdir bu fəqiri!
1ƏL-ĞAFUR
Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni!
ƏŞ-ŞAKUR
Ya Şakur! Sən mənə iman verdin, zəlalətdə buraxmadın, mən isə Sənə şükrümdə həmişə əksik, həmişə yetərsiz qaldım. Şükrünün ləzzətini hər dəm daddır qəlbimə və dilimə! Şükr edə bilmək belə, səndən gələn bir nemətdir, bu neməti hiss etməyi nəsib et mənə!
ƏL-ALİYY
Ya Aliyy! Ən gözəl sifətlər belə səni tərifləməyə yetməz, Sənin lütfünün şöləsidir bütün gözəl sifətlər. Ən gözəl vəsflər belə, Səni vəsf etməyə kifayət deyil, sənin cəmalının kölgəsidir bütün mükəmməl vəsflər. Sən hər cür təsəvvürdən yüksəksən və hər cür xəyaldan alisən. Sifətlərinə xəyallar və fantaziyalar çata bilməz, ucalığını ağıl dərk edə bilməz. Sənin lütfkarlığınla ülviyyət qazanır bütün aləm. Sənin nazil etdiklərinlə mərtəbələr qazanır insanlar, cinlər və mələklər. Acizliyimə uca qüdrətinlə mədət eylə! Fəqirliyimə ülvi yaxınlığınla imdad et! Sənki içimin içində olub bitənləri bilirsən, yaxınına al məni! Sənki ucalardan ucasan, Səndən başqasına boyun əydirmə məni!
ƏL- KƏBİR
Ya Kəbir! Cümlə fikirlər dar gələr sənin kibriyanı anlamağa. Bütün sözlər azlıq edər, sənin böyüklüyünü anlatmağa. Tək Səni böyük bilənlərdən et məni! Böyüklüyünü bilməklə genişlət fikrimi! Kibriyanı anlayacaq ağıl ver mənə, Cəlalını görməklə genişləndir qəlbimi!
ƏL-HAFİZ
Ya Hafiz! Hifzinin xəzinəsində aləm, bir nöqtədən ibarətdir. Hifzinin ayinəsində ay və günəş, sönük bir parıltıdan ibarətdir. Bahar qışa dönər bir gün, səhər axşama çatar. Səhərlər Səndəndir, qoru məni və səhərə qədər saxla məni! Ulduzlar sönər bir gün, dağlar yerindən oynar, göylər Sənindir. Qoru məni, qapına yetişdir! Göylər dağılar bir gün, yer yerindən oynar. Hər yer Sənindir, qoru məni, mənzilə çatdır! Quşlar dağılar, dənizlər qaynar bir gün. Üfüqlər Sənindir, qoru məni! Adım unudulacaq bir gün, səsim boşluqda qalar heç kim eşitməz. Yaxınlıqlar Səndəndir, qoru məni, yaxınlığına götür məni! Dəftərim açılacak bir gün, günahlarım onun çox hissəsini tutacaq. Təqdir Sənindir, qoru məni, əfvini yetişdir! Sözüm bitər bir gün, səssizlik bürüyər məni. Kəlam Sənindir, qoru məni, müjdəni yetişdir!
ƏL-MUQİT
Ya Muqit! Sən hər kəsin hər ehtiyacını hər an görərsən. Sənə əyandır hər cür niyyət və hərəkətim. Sən, sonzuluq istəyini qəlbimə ilham edərsən, Sənə mə'lumdur bütün dualarım və istəklərim. Sən, zəif və acizlari, yetim və yoxsulları qoruyub saxlayırsan. Sənə mə'lumdur acizliyim! Sən, birinci yoxsullara əl tutanı sevərsən, Sənə mə'lumdur yoxsulluğum və əməllərim. Niyyətlərimi gözəlləşdir, ixlaslı olmağı nəsib et mənə! Ömrümü əbədiyyata apar, Cənnətində yerləşdir məni! Yoxsulluğumu mərhəmətinlə qarşıla, başqasına əl açdırma məni! Günahlarımı ğüfranına bəhanə et, üzümü qara etmə mənim!
ƏL-HASİB
Ya Hasib! Əməllərim hesaba gəlməz, arzularımın sayı-hesabı olmaz, dəftərimdən xətalarımı çıxart ki, hesabım asand olsun! Ehtiyaclarımın ən kiçiyinə, xəyallarımın heç birinə əlim yetişməz, qəlbimin sızıntılarını topla ki, hesaba gələn bir duam olsun!
ƏL-CƏLİL
Ya Cəlil! Sənin cəlalın zatındandır, başqasına möhtac deyil! Sənin ucalığın kəmalındandır, səbəb möhtac deyil! Sənin kəmalın da Səndəndir, görülməyə möhtac deyil!
ƏL-KƏRİM
Ya Kərim! Kərəminlə gözəl et hər halımı! Kərəminlə sevindir qəlbimi! Sənki ən çox zəiflərə və acizlərə ikram edənsən! Sənki səbəbsiz və hesabsız kərəm edənsən! Sənki bir ovuc toxumda bir baxçanın ağacını saxlarsan! Cənnətinə al və heç bitməyən ikramına yetişdir məni, kərəm et bu acizə, az savabı çox et!
ƏR-RAQİB
Ya Raqib! Ömrümün hər anında Səni anmağı dilərəm, lakin halım imkan vermir, unuduram. Qəlbimə zikrini yerləşdir, oyandır məni! Ölüm anımı səni anaraq yaşamaq istərəm, lakin vəziyyətim macal verməz, susaram. Dualarımı qatına yetişdir! Hesab günü Səni razı etməyi arzu edirəm, lakin savabım yetməz, qorxuram. Əməllərimi xeyirli et, yaxşı insanlarla xatıra məni!
ƏL-MUCİB
Ya Mucib! Elan etməyə və göstərməyə ehtiyac yoxdur, halım Sənə əyandır. Söz deməyə gərək yoxdur, səssizliyim Sənə bəyandır.
ƏL-VASİ
Ya Vasi! Varlıq Sənsiz dar olar.
ƏL-HAKİİM
Ya Hakiim! Sən hər yaratdığına məna və dəyər verənsən, sonsuz hikmətinə aşiq et qəlbimi!
ƏL-VADUD
Ya Vadud! Sən sevdiyin və sevdirdiyin üçün baxar üzlər üzlərə. Sən sevdiyin və sevdirdiyin üçün günəş doğar hər gün. Sən sevdiyin və sevdirdiyin üçün baharın gələr hər yerə. Sən sevdiyin və sevdirdiyin üçün kəlamın gəzər dillərdə.
ƏL-MƏCİİD
Ya Məcid! Mənə ağla və xəyala gəlməz gözəlliklər bəxş etmisən, bu, yaxınlığının ülviyyətinə əngəl olmaz. Mənə məndən də yaxın olduğunu bildirmisən, bu, ülviyyətinin yaxınlığına əngəl olmaz.
ƏL-BAİS
Ya Bais! Zərrələrimi bir-bir topla onlar dağıldığında, həyat ver onlara yenidən, ən sevdiklərinin yanına çatdır məni!
ƏŞ-ŞƏHİİD
Ya Şəhiid! Səni görür kimi yaşamaq ən gözəl haldır. Sənin görən olduğunu görmək ən gözəl təcəllidir.
ƏL-HAQQ
Ya Haqq! Quluna haqq olan ancaq Sənə yönəlməkdir, qibləndən azdırma məni! Quluna haqq olan ancaq sənə dua etməkdir, məhrum etmə məni! Ancaq Səndən diləmək quluna haqqdır, sahibsiz buraxma məni! Ancaq sənə güvənmək quluna haqqdır, çarəsiz buraxma məni! Ancaq Sənə çatdıran yollar quluna haqqdır, yoldan çıxarma məni! Quluna haqq olan, hər şeydən çox Səni sevməkdir, yetim buraxma məni! Haqqımdakı hökmün haqqdır ya Rəbbi, haqqıma görə deyil öz lütfünə görə ver mənə!
ƏL-VAKİL
Ya Vəkil! Acizəm və Səndən şəfaət diləyirəm, qüdrətinə sığınıram! Fəqirəm və Sənə yönəlirəm, rəhmətini sığınacağım et!
ƏL-QAVİYY
Ya Qaviyy! Acizliyimi bilib dərgahına gəldim!
ƏL-MƏTİN
- Ya Mətin! Dəmir, əmrinlə parçalanar Sənin. Nəfsimin əlinə buraxma məni! Dağlar Sənə boyun əyər, şeytanın aldatmacalarına buraxma məni! Dənizlər əmrinlə parçalanar, səbəblərin arasında buraxma məni!
ƏL-VALİY
Ya Valiy! Sənə təvəkkül etdim, vəkilim Sənsən! Sənə iman etdim, sahibim Sənsən! Sənə sığındım, sirdaşım Sənsən! Sənə güvəndim, valim Sənsən! Sənə bağlandım, dostum Sənsən! Sənə tutunuram bütün varlığımla, kimsənin məni yerə yıxmasına izin vermə!
ƏL-HAMİİD
Ya Hamiid! Hamiid Sənsən, həmd Sənədir! Dillər Sənə həmd etməklə dadlanar! Hər nəfəs Sənə minnətlə verilir və alınır. Minnət altında əzdirmə məni!
ƏL-MUHSİİ
Ya Muhsii! Hədsiz acizlik və zəiflik içindəyəm, düşmanlarım çox, incidənlərim isə saysızdır! Sənə şükürlərim yetərsiz, arzularım hesabsızdır. Fitrətimin diliylə yalvarıram Sənə, dualar edirəm! İstəyənlərin və istənənlərin sayını bilən ancaq Sənsən, qəlbimə yoldaş et mərhəmətini!
ƏL-MUBDİİ
Ya Mubdii! Sənki hər şeyi misilsiz, ilkin Yaradansan. Yaratdığını hər an yeniləyən və yenidən yaradacaq olansan. Savabımın yoxluğunu rəhmətinə vəsilə et, ağrılarımi lütfünə səbəb et, günahımı əfvinə bəhanə qıl!
ƏL-MUİİD
Ya Muiid! Cəsədlərin qəfəsindən çıxan kimi ruhlar Sənə üz tutar. Səndə son tapar sonluqlar.
ƏL-MUHYİİ
Ya Muhyii! Çürüyüb toz olmuş sümükləri yalnız Sən çağırarsan. Ölmüşlərə və unudulmuşlara yalnız Sən həyat verərsən. Ölümümü əbədi irəliyişimə başlanğıc et!
ƏL-MUMİT
Ya Mumit! Ölüm uzaq deyil bədəndən, bilirəmki ölüm də Səndəndir. Faniyəm, fani olanı istəməm. Acizəm, aciz olanı istəməm. Ruhumu Rəhmana təslim etdim mən. Ölümüm son deyil, başlanğıcdır bilirəm. Sonsuzluğa başlanğıcımı iman üzrə et ya Rəbbi!
ƏL-HAYY
Ya Hayy! Hər diri Səndən alır diriliyini və həyatını. Ölüm belə Sənin ihya etmənlə diridir. Ölümümü əbədi həyata bəhanə et!
ƏL-QAYYUM
Ya Qayyum! Yoxluğa düşürmə qəlbimi, yanımda tut sevdiklərimi! Unuduşlara gömmə üzümü! Nəzərində tut gözəlliyimi!
ƏL-VACİD
Ya Vacid! Varlığını anlatmağa var sözü yetməz, varlar Səninlə vardır. Varlığını anlamağa varlığım yetməz, varlıq Sənə şükr edər. Varlığının öncəsi yoxdur Sənin, öncələr Səninlə vardır. Varlığına son yoxdur Sənin, sonralar Səninlə vardır. Varlığına bəhanə yoxdur Sənin, hər an Səninlə vardır. Məni mənsiz buraxma, məni Sənsiz buraxma!
ƏL-MAACİD
Ya Macid! İzzət sahiblərinin nə izzəti varsa, hamısı Sənə aiddir! Öyünənlərin bütün gözəllikləri Sənə aiddir.Yaxşıların bütün yaxşılıqları Sənə aiddir. Savab sahiblərinin bütün savabları Sənə aiddir. Sənin verdiklərinə qarşılıq deyil ibadətim, ola da bilməz əsla. Ancaq verdiklərin üçündür, Cənnətinə al məni!
ƏL-VAAHİD
Ya Vahid! Qəlbim hər şeyə bağlanar, ayrılığın ardından ağlıyar. Sənki təksən, başqalarına qosdurub yorma məni! Ruhum hər gələnə sevdalıdır, gedənlərin gedişiylə yaralanır. Sənki təksən, Çoxluqda buraxıb ağalatma məni! Qayğılarım min cür, qorxularım dağlar qədər. Sənki təksən, Yoxluğa düşürüb unutma məni! Sözüm kimsəyə keçməz, qüvvətim qıl qədər. Sənki təksən, Boynu bükük, çarəsiz buraxma məni! Bircə Səni tək tanıyıram, qapına gəldim, başqalarına buraxma məni!
ƏL-ƏHƏD
Ya Əhəd! Varlığımın ayinəsidir sifətim, ondan oxunur əhədiyyətin (təkliyin), sifətimin tək olması Sənin əsərindir.
ƏS-SAMƏD
Ya Saməd! Doğmadın, doğulmadın, bənzərin yoxdur, hər kəs Sənə möhtacdır, hər şey Sənə möhtacdır, Sən heç nəyə və heç kimsəyə möhtac deyilsən. Mən sahib olduğuma da möhtacam, sahib olmağa da. Sən hər şeyin sahibisən, amma sahib olmağa belə möhtac deyilsən. Sənə möhtaclığım ən böyük zənginliyimdir. Səndən başqasına möhtac eyləmə məni! Sənin dərgahında fəqirliyim ən gözəl vəsiləmdir. Səndən başqasına əl açdırma məni!
ƏL-QADİR
Ya Qadir! Elə Qadirsənki, qüdrətin olmasa var deyə bir şey olmaz, yoxluq isə heç anılmaz. Sənki Varsan, yoxluqdan qorxmam. Sənki Qadirsən, acizliyimdən utanmam. Sənki Rəhimsən, fəqrimdən sıxılmam. Acizliyimə qüdrətinlə mədət et, fəqirliyimə rəhminlə imdad eylə!
ƏL-MUQTƏDİR
Ya Muqtədir! Sənin qüdrətinə sərhəd çəkilməz, qüdrətinin həddi-hüdudu olmaz. Çünki qüdrətinə acizlik deyilən bir şeyin zərrəsi dəyməz. Sənin qüdrətinə görə çətin və ya asand bir şey yoxdur, Sənin qüdrətinə görə istər hər şey olsun, istər bir şey olsun fərq etməz. Sən hər şeyi bir şey kimi asanlıqla yaradarsan, torpaqda buraxma məni! Sən bir şeyi hər şey kimi özəl yaradırsan, unudulmağa buraxma məni!
ƏL-MUQƏDDİM
Ya Muqəddim! Sən hər şeyi varlıqdan öncə təqdir edirsən. Sən hər işin başını, ortasını və sonunu bilirsən. Mən sevdiklərimi Sən var etdikdən sonra sevdim. Sən isə sevdiklərini məndən öncə sevdin və sevdiyin üçün var etdin. Mən özümü belə Sən var etdikdən sonra bildim. Sən isə məni var olmamdan əvvəl bilirdin. Getdiyim hər yerdə Sən vardın, tanıdığım hər yeni aləmi başından belə Sən tanıyırsan. Qəlbimin ilk atışından öncə məni sevdin, mən özümü sevməyə gec qaldım. Muqəddim Sənsən, dilədiyini dilədiyinə üstün edərsən, dilədiyini önə alar, dilədiyini sona buraxarsan. Bundan əvvəl etdiklərimi və sonra edəcəklərimi bağışla! Başqa ilah yoxdur, ancaq Sənsən Allah.
ƏL-MUAXXİR
Ya Muaxxir! Zaman Sənindir, istədiyin işi əvvəl edərsən, dilədiyini ertələrsən. İzzət Sənindir, istədiyini yanına alarsan, istədiyini uzaq edərsən. İradə Sənindir, istədiklərimi indi də verərsən, sonraya da buraxarsan. Hökm Sənindir, dilərsən məni başqalarından üstün tutarsan, dilərsən başqalarını məndən üstün tutarsan. Həyat Sənindir, istərsən əcəlimi tez verərsən, istərsən bir az gecikdirərsən. Təqdir Sənindir, istərsən cəzamı həmin an verərsən, istərsən bir az gecikdirərsənki tövbə edim. Məni başqasına üstün tut, amma başqasını məndən üstün tutma! Məni məndən al, amma məni Səndən uzaq etmə! Rəhmətini öncələ, qəzəbini isə ertələ! Əcəlimi gecikdir, mənə peşman olmağa izin ver!
ƏL-ƏVVƏL
Ya Əvvəl! Sənin varlığın əvvəldən əvvəl, Sənindir qavraya bilmədiyim əzəl. Sən öncələrdən də öncəsən, Sənindir zaman, Sən öncəsizsən, hər şeyin əsli Sənin qatındadır, hər işin başı Sənin yanındadır. Yoxkən mənə sahib çıxan Sənsən, məndən öncə məni anan Sənsən. Öncələri yox idim, Sən var etdin. Sonraları unudulacam, Sən an məni!
ƏL-AXİR
Ya Axir! Sənsən sonraların sonrası, nəhayətin yoxdur Sənin. Hər şeyin sonu Sənin yanındadır. Hər işin sonu Sənin lütfünlədir. Səninlə son tapar həsrətlərim və Səndə bitər bütün gözlədiklərim. Səninlə gözəlləşər sonum, Səndə gerçəkləşər ümidlərim. Səninlə sonsuzlaşır an, Sənin müjdənlə genişlənir zaman. Səninlə gələr sabahlar, Səninlə var olar sonralar. Sənin lütfünlə var oldum, bu gün var, sabah yoxam. Sonumu sonsuzluq et, aqibətimi xeyir et! Qəbrimi gülizar et! Əcəl gəldiyində müjdəmi söylə!
ƏZ-ZAHİR
Ya Zahir! Hər şeyin üzündə qüdrət və rəhməti ilə görünən Sənsən. Hər şey özünü göstərdiyindən çox Səni göstərir. Sən zahir olmasan işıq kor qalar. Səni görür kimi yaşamaqla gözəlləşdir halımı! Səndən başqası şahid olmağa dəyməz, zühuruna şahid olanlardan et məni! Səni anladan kəlimələr heç bitməz, ayətlərinə və möcizələrinə şahid yaz məni! Gözlərim Səni görməyə yetmir, qəlbimdə görünür et Özünü!
ƏL-BATİN
Ya Batin! Sən hər kəsə gizlisən və gizli qalırsan, heç bir şey Sənə gizli qalmaz. Dərin quyular, uzaq qurtuluşlar, ucsuz bucaqsız üfüqlər, işığın yetişə bilmədiyi dərinliklər Sənə əyandır. Qəlbimin sızıntıları, ruhumun arzuları, ağlımın sirrləri Sənə aşkardır. Sən, heç bir təsəvvürün çata bilmədiyi bir gizlilikdəsən. Ağlımı hikmətinin incəliklərinə aşkar et! Sirrlərini axtarmaqda olan qəlbimdəki həyəcanı ən ləzzətli anlarım et! Sən iradə və hikmətinlə hər şeyin iç üzündə saxlısan. Sən hər şeyin içinə və əslinə hökm edərsən, qəlbimi ən gözəl hallarla hallandır! Varlıq Sənin izzət və əzəmətinə pərdədir, sirrlərini aç və pərdələri endir!
ƏL-VALİ
Ya Vali! Nəfsimlə məni sınayan Sənsən, ömrümü əksildən və artıran da Sənsən, ömrüm Sənin dilədiyindir. Malımı azaldan da çoxaldan da Sənsən, əlimdəkilər Sənin verdiyindir. Sən diləmədikcə mən diləyəməm. Dilədiyim Sənsən və dilədiyim Sənin dilədiyindir. Sənki kainata zərrə-zərrə hökm edirsən, qəlbimi dinində sabit et! Sənki hər an hər ehtiyaca kifayətsən, yoxsulluğuma mədəd et və qatında şəfaətçi et!
ƏL-MUTƏAL
Ya Mutəal! Sən bütün ucalıqlardan ucasan, ucaların ucası Sənsən. Sənsən ülvilərin ülvisi. Sənsən pərdələrin gizlətdiyi. Sənsən görünənlərin göstərdiyi. Sənsən kainat kitabının hecələdiyi. İgidlərin sahibi Sənsən, hər dilin uca tutduğu Sənsən, üfüqlərin sahibi Sənsən. Sən mutəalsan, hər şeydən ali, hər qüsürdan uzaq və hər nöqtədən paksan. Sonsuz qüsurlar içində bir fəqirəm və hər qüsurum Sənin kəmalını anlamam üçündür. Sən mutəalsan, hər şeyin üzərində, hər şeydən üstün, hər şeydən öndə və hər əksiklikdən münəzzəhsən. Sonsuz fəqirlik içindəyəm və fəqirliyim Sənin rəhmətini dadmam üçündür. Sən mutəalsan, mənsə sonsuz acizlik içindəyəm və acizliyim Sənin qüdrətinə dayanmam üçündür. İlah Sənsən, Rəbb Sənsən, Mutəal Sənsən! Qulluğumu, rizanı qazanmaq üçün vəsilə et!
ƏL-BARR
Ya Barr! Yox idim, heç yoxluğumdan xəbərim də yox idi. Yaxşılıq edib məni var etdin. Heç anılmırdım və anılmağa dəyərim də yox idi, yaxşılıq edib insan etdin məni. Bilmirdim və bilmədiyimi də bilmirdim, yaxşılıq etdin Səni tanıyanlardan etdin məni. İnanmırdım və Səndən heç xəbərim də yox idi, yaxşılıq edib Sənə inananlardan etdin məni. Kimsəsizdim, özümə dost axtarırdım, yaxşılıq edib Özünə dost etdin məni. Yetim idim, sahibimi axtarırdım, yaxşılıq edib rəhmətinə aldın məni. Xətalarım var, peşmanlıq duyuram, yaxşılıq edib qapına çağırdın məni. Günahım çoxdur, Səndən utanıram, yaxşılıq etdin əfvinə aldın məni. Səndən yaxşılıq istəməyə nə ehtiyac var, mənim yaxşılıq istəməyimi istəmən özü Sənin yaxşılığındandır. Sən istəməyə də ehtiyac yoxdur, vermək istəməsəydin mənim Səndən diləməmi də istəməzdin. Mən susuram ya Rəbbi, Sən söylə yaxşılıqlarını.
ƏT-TƏVVAB
Ya Təvvab! Budur qapına gəldim, edə bilmədiyim bütün tövbələr üçün Sənə tövbə edirəm. Dərğahına gəlmişəm, üzr istəyə bilmədiyim bütün üzrlər üçün Səndən üzr istəyirəm. Sənə dönürəm, çünki gedəcək başqa qapı tanımıram. Məni necə qəbul etməzsən qapına, axı Sənin belə dediyini bilirəm: ((Allah qəbul edəcəyini vəd etdiyi tövbə o kimsələrin tövbəsidir ki, cahilliklə günah işlədər sonra da tez tövbə edərlər. Bunları söyləməklə cahillik etdimsə, tövbə ya Rəbbi! Tezcə Sənə tövbə edirəm, Sən tövbə edənləri sevirsən, bilirəm.
ƏL-MUNTƏQİM
Ya Muntəqim! Sən üsyana və inkara çox şiddətli qarşılıq verirsən, intiqamın haqdır Sənin. Sən məzlumların ahını eşidən və əzilənlərin halını görənsən, Cəhənnəmin haqdır Sənin. Sən dilədəyini rəhm edər, dilədiyinə əzab verərsən, ədalətin haqdır Sənin. Nəfsimi üsyandan uzaq tut, nəfsimin əlinə buraxma məni! Qəlbimi üsyandan uzaq tut, ən gözəl hala yönəlt qəlbimi. Zalimdən və zülmdən uzaq tut, ədalitinə razı et məni! Ədalitini ver, qəzəbindən uzaq tut, lütf et mənə!
ƏL-AFUVV
Ya Afuvv! Sən əfv edənsən, Sən əfv etməyi sevirsən, Sən sevərək əfv edərsən. Sənin mərhəmətli baxışın bütün günahları silib süpürər. Sənin əfvinin kölgəsində bütün günah dəftərləri yanıb kül olar. Sən əfv etməyi o qədər çox sevirsən ki, günahımı istəsən əfv edəcəyini bilsəm də yenə əfv edərsən məni. Sən elə nəzakətlə əfv edərsən ki, öz yaddaşımdan da silərsən işlətdiyim günahı, məhcub etməzsən məni. Xətalarım var etiraf edirəm, qüsurlarım çoxdur qəbul edirəm, üsyanlar etmişəm bilirəm, çox unutdum utanıram. Unutduğumu da unutmuşammış, indi xatırlayıram, əfvini umuram.
ƏR-RAUF
Ya Rauf! Yoxluğumda belə məni sorub var edənsən. Sən bütün mərhəmətlilərin ən mərhəmətlisisən. Cəmalınla iltifat et mənə, rəfətinlə müamələ et mənə!
MALİKƏL-MULK
Ya Malikəl Mulk! Mülk Sənindir və Mülkündə dilədiyini edərsən. Sənindir mülk, dilədiyini mülkünə daxil edərsən. Bədənim Sənin mülkündəndir, hücrə-hücrə tək sahibim Sənsən! Qəlbim Sənin əlindədir, üsyanda da, itaətdə də tək sahibim Sənsən! Sözüm Sənin verdiklərindəndir, susduğumda da, danışdığımda da tək sahibim Sənsən! Ruhum Sənin əmrindədir, həyatımda da, ölümümdə də tək sahibim Sənsən. Yoxluğumda da, varlığımda da tək Sahibim Sənsən. Mülkünün xaricində bir yer yoxdurki çıxa biləm, başqa qapı yoxdurki döyüm, yanına al məni!
ZUL-CƏLALI VƏL-İKRAM
Ya Zul-Cəlali vəl-İkram! Sən kərəmini cəlalınla göstərirsən. Lütfün elə çoxdur ki, bir damla suya min həyat bəxş edərsən. Görünmürsən, amma zühurunun şiddətindən gözlərdən gizlənirsən, cəmalını kərəminlə göstərirsən. Sən ən sevgili qulunu (s.a.s) bizlərə elçi etmisən, ən sevgili qulunu ən sevimli et mənə! Qaranlıqlarımı dağıt, nur et məni!
MUQSİT
Ya Muqsit! Haqq Sənin yanındadır, haqlıların haqqı Sənin qatındadır. Hər möhtaca payını verən Sənin ədalətindir, payıma düşənə razı et məni, Öz fəzilətindən bol ver mənə!
CAAMİ
Ya Caami! Sən İbrahimin (ə.s) quşlarını dağ başlarından geri toplayansan, az olan savablarımı da topla hesab günü gəldiyində! Bütün yaxşılıqlar Sənin qatındadır, yetərsiz olan yaxşılıqlarımı topla hesab günü gəldiyində! Yoxluğu varlığın alnına şəbnəm edən Sənsən. Kərəm et, məni və qardaşlarımı yaxşıların məclisində bir yerə topla!
ĞANİY
Ya Ğaniy! Elə zənginsən ki, nə lütfünü qazanmaq nə də ehsanına layiq olmaq gərəkdir. Əlim istədiklərimə yetişmir, qəlbimin arzuları da bitmir. Kainat xəyallarıma dar gəlir, amma dilimə sadəcə dua dəyir. İstəsəm ancaq Səndən istərəm.
MÜĞNİİ
Ya Muğnii! Bütün zənginliklər Sənin ikramındır. Yalnız əlimizdə olanlar deyil, əlimiz də Sənin ikramındır. Sadəcə sahib olduqlarımız deyil, varlığımız da Sənin ikramındır. Hər zənginin zənginliyi Səndəndir, başqalarına əl açdırma məni! Yalnız Sənə qarşı fəqir olanlardan et məni və yoxsulluq qorxusundan azad et nəfsimi! Nəyim varsa Sənin verdiyini bilənlərdən et məni! Kainata dilənçi etmə qəlbimi, nazlı bir qonağın olaraq qəbul et iki dünyada da məni!
MAANİ
Ya Maani! Sən mane olsan, heç kim maneçilikləri aradan qaldıra bilməz! Sən əngəlləri qaldırsan heç bir şey əngəl yarada bilməz! Mən mənə gərək olanı bilməm. Hikmətli Sənsən, Sənə gəlməmə əngəl olan şeylərdən məhrum et məni!
BARR
Ya Barr! Zərər də, fayda da Sənin izninlə olur. Zərərə izn verməndə də bir hikmət vardır. Sən haqqımda zərər istəməzsən. Yaxşılıq Səndəndir, pislik isə özümdəndir. Yaxşılığa macalım yoxdur, Sən yaxşılaşdır məni! Zərər kimi görünsə də, Sənin təqdir etdiyin həmişə faydalıdır. Özümə fayda verə bilmirəm, zərərdən qurtar məni!
NAAFİ
Ya Naafi! Yoxkən var edişin mənə elə bir faydadır ki, sanki kömürü almaza çevirmisən. Vicdanıma saxladığın sirr elə bir cövhərdir ki, Adəmin (ə.s) peşmanlığını açıq edən dua kimi. Qəlbimə qoyduğun məhəbbət elə dəyərlidir ki, İbrahimə (ə.s) atəşi sərin edən sirr kimi. Mənə bəxş etdiyin həyat elə bir kövsərdir ki, İsanın (ə.s) ölüləri diriltdiyi toxunuşu kimi. Dərimə verdiyin afiyət elə bir məlhəmdir ki, Eyyubun (ə.s) yaralarını sağaldan dərman kimi. Gözlərimə dəyən nəzərin elə bir işıqdır ki, Yunusu 3 qaranlıqdan çıxaran nur kimi. Üzümə təbəssümü qoyan yaradışın elə gözəldir ki, Yusufun (ə.s) üzünə qoyduğun gözəllik kimi. Mənə vəd etdiyin Cənnət elə bir müjdədir ki, Muhəmmədin (s.a.s) canlar oxşayan təbəssümü kimi. Hər bir xeyir Sənin əlindəndir, qatındakı xeyrə çatdır məni! Hər bir mənfəət Sənin miqdarınladır, mərhəmtinlə mənfəət ver mənə! Hər bir fayda Sənin izninlə gələr, lütfünlə faydalandır məni! Sənsiz məndən mənə çarə yoxdur, Sənin yaxşılığına ehtiyacım var. Sənsiz kimsədən kimsəyə fayda yoxdur, mənə qəlbi təmiz olan lazımdır.
NUR
Ya Nur! Sən varlıq aləminin nurusan. Gözə baxış verən sirr Səndəndir, könüllərə nəşə verən sevinc Səndəndir, hər parlayan işıq da Səndəndir. Səninlə nurlanır qəlbim, Səninlə aydınlanır ağlım, nurunu yağdır mənə!
HAADİ
Ya Haadi! Sənsən qəlblərimizə haqq yolunu göstərən. Sənsən vicdanımıza haqqı bəlli edən, hidayətini yar et mənə, Sənə olan yolu yol et mənə, lütfünü bol et mənə!

 
  Bu gün 29 ziyaretçi (87 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=