Shia ahli
  Peygembere (S.A.A.V.) mehebbet
 

Peyğəmbərə (s) məhəbbət


İslam Peyğəmbərinin (s) gəlişindən sonra fəzaya, yer üzərinə kamillik qapıları açıldı. Muhəmmədə (s) qədər hələ heç bir Peyğəmbər (s) o kamilliyi yer üzünə gətirmə şərəfinə nail olmamışdılar. Allah İslam Peyğəmbərini (s) kainatın əşrəfi, ən şərəflisi olaraq xəlq etdi. Özü Peyğəmbərlərin (s) ən üstünü olduğu kimi gətirdiyi din də bütün dinlərin ən kamili, səmavi kitabı da ən ali kitab idi. Quran bu Peyğəmbər (s) haqqında çoxlu sözlər buyurur. Onlardan bir neçəsini qeyd edərək o əzəmətli şəxsin tanışlığımızda vasitə etmək niyyətindəyik.


Quranda Allah Peyğəmbərimizə (s) bir neçə adla müraciət edir. Bizim Peyğəmbərin (s) məqamını tanımağmıza bu adların haqqında düşünməymiz çox kömək olmaqla yanaşı Allah Rəsulunun (s) simasına bir aydınlıqdır. Bununla biz öz peyğəmbərimizlə (s) daha çox əlaqədə olma imkanı əldə edərik. Necə ki, Quran Ali-İmran surəsində buyurur ki, əgər istəyirsiniz ki, Allah sizi sevsin, buna görə gərək siz də Peyğəmbərə (s) tabe olasınız. Allah bu tabeliyin müqabilində Özünün insanları sevməsi ilə əvəzləyir. Quranın buyurduğuna görə Allah məhəbbəti Peyğəmbərə (s) tabeliyi ilə gerçəkləşir. Bu yolla yalnız insan Allahın məhəbbətinə çata bilər, başqa yolla yox. Alah Ona tabe olmağı Peyğəmbərinə (s) tabe olmaqla mümkün olduğunu bəyan edir.


Görəsən Peyğəmbər (s) kimdir ki, Allah ona tabe olmağı belə israrla bizdən istəyir? Nəticəni isə bizə məhəbbəti ilə bağlayır?


Quranda Allah Peyğəmbərə (s) verdiyi adlardan ən alisi, demək olar ki, adlar içində xüsusi olan adı «əbd» «qul» adının olmasıdır. Allah bir çox ayələrdə onun qul olmasını bizə göstərir. Allah buyurur ki, Peyğəmbərin (s) o əzəmət, aliliyinin bir ünvanı var: Mənim qulum olması! Bu sözlər Qurani-Kərimdədir, buyurur: «Mübarək və Bərəkətli Allah o Allahdır ki, Quranı öz quluna nazil edib» Adını qeyd etmir, buyurur ki, «qul»u. Hətta Allah onu meraca aparanda onun adını qeyd etmir, buyurur: «pak və münəzzəh o Allahdır ki, öz qulunu gecə seyrə, meraca aparır» Yəni Allah Peyğəmbərə (s) əlamət verib onu tanıdanda onun qul olmasını diqqətə çəkir. Allah bizə bildirir ki, insanın ən kamil mərtəbəsi Allaha qul olmasındadır.


Hətta Quranda maraqlı bir nöqtə var, bütün Peyğəmbərlərin (ə) qul sözlərinin müqabilində Allah onların adını da qeyd edib, amma bizim Peyğəmbər (s) üçün Allah yalnız Onun qulu kəlməsi ilə kifayətlənib. Yəni Allah istəyir Quranda desin ki, qul kəlməsinə layiq olan şəxs yeganə Muhəmməddir (s). Allah biz bəşərə bildirmək istəyir ki, Muhəmmədi (ə) risalətə yalnız Ona qul olduğu üçün çatdırıb. Buyurur ki, ey Peyğəmbəri (s) özünə nümunə bilmək istəyənlər, gərək Peyğəmbər (s) kimi olasınız. Onun kimi Allah ibadətində o qədər məsul olasınız ki, Allah buyursun ki, Muhəmməd (s), biz Quranı sənə özünə əziyyət etmək üçün göndərmədik. Nə qədər ibadətin insanın mənəvi ruhunda, ruhu dirçəlişində rolu vardır ki, Allah öz Peyğəmbərini (s) bizə ibadəti ilə tanıdır. Peyğəmbərə (s) əlavə şey nəyi artırıb? Gecə namazını! Niyə? Yəni o dərəcəyə çatmaq bu ibadətlərlə, bu namazlarla baş tutar.


Bilirsinizmi ibadət insana nə verər? Quran buyurur ki, Allahına ibadət et ki, sənə yəqin bəxş edək. İbadət insana yəqin verər. Allah Ələq surəsində, səcdə ayəsində buyurur ki, İbadət elə, Allaha yaxınlaş. Ayrı yolla Allaha yaxınlaşmaq yolu yoxdur. Yalnız ibadət ilə. İnsanın ruhunun saflaşması, insanın qəlbinin təmizlənməsi, insan ruhunun Allaha tərəf əzəmətlənməsi İlahi ibadət ilə baş tuta bilər. Hətta insan istəsə günahlardan çəkinsin yolu özünü ibadətlə möhkəmləndirməkdir. Quran buyurur ki, ibadət edin ki, ruhunuza, varlığınıza hakim olasınız. Ona görə də Allah qulluğu Peyğəmbərə (s) mükafat kimi verib. Bu Peyğəmbərin (s) bir xüsusiyyəti.


Quran Peyğəmbəri (s) başqa bir xüsusiyyətlə də tanıdır. Buyurur ki, sən Peyğəmbəri (s) sevirsənsə bax bu cür olmalısan. O da Peyğəmbərin (s) xoş əxlaqa sahib olması idi. Quranda az şey var ki, Allah onu böyük hesab edib. Məsələn, Allah qiyaməti böyük sayıb. Həzrət Məryəmə (s.ə) edilən böhtanı Allah böyük sayıb. Quranın özünü Allah böyük qeyd edib. Bunların Quranda ayələri var. Allahın böyük saydığı şeylərin sırasında Peyğəmbərin (s) əxlaqını da qeyd etmişdir. Həqiqətəndə o böyük, əzəmətli əxlaq sahibidir. Bu sözü Peyğəmbər (s) üçün Allah deyir. Biz mümkündür ki, özümüzdən bir pilə üstün olanı böyük adlandıraq. Sonsuz kamal sahibi olan Allah Peyğəmbəri (s) böyük əxlaq sahibi adlandırması doğurdan da əzəmətin göstəricisidir. O Peyğəmbərin (s) əxlaqını əzəmətli adlandırır.


Peyğəmbərin (s) əzəmətli əxlaqı səbəbindən idi ki, İslam irəlilədi. Bunu da Quranda Allah buyurub. Ya Muhəmməd (s), sənin gözəl əxlaqın olduğu üçün insanlar sənin ətrafına toplandılar. Əgər bunun əksi olsaydın hamı ətrafından dağılardı. Peyğəmbər (s) elə əxlaq nümayiş etdirirdi ki, qarşısındakı ona heyran olmaya bilmirdi. Hər bir uşağa özü ilk növbədə salam verərdi. Böyüklər adətən uşaqların salamını almağa o qədər də əhəmiyyət vermirlər, o ki, qalmışdı uşağın özünə salam versinlər. Amma Peyğəmbər (s) buyururdu ki, mən ömrümdə beş şeyi tərk etmədim biri də uşağa salam verməyi. Bu onun əzəmətli əxlaqının göstəricisidir.


Və ya Peyğəmbərə (s) olmazın əziyyətini verdilər, birini bizə versəydilər qiyamətə qədər biz bu adamların mənfi əməllərini unutmazdıq. Biz əbədi ədavəti qəlbimizdə yandırardıq. Ona şair dedilər, dəli, sehirbaz nə bilim nələr dedilər, ayağı altına tikan səpdilər, əshabının başına oyunlar gətirdilər, gözü önündə əshablarını şəhid etdilər, onunla 83 dənə müharibə etdilər, sonunda əhvalatı ki, çox geniş və məşhurdur, o Məkkə şəhərini fəth edəndə «Sizləri bağışladım» deyib Həzrət Yusifin (ə) qaraşları ilə davrandığı kimi o da Məkkə camaatı idə davranaraq onları bağışladı. Bu böyük ürəkdə olan Peyğəmbər (s), hansı ki, haqqında Quran buyurur ki, Ya Rəsulum (s) sənin o qədər ürəyin böyük idi ki, əgər böyük olmasaydı belin sınardı, buna görə də biz sənin sinəni açdıq, yükləri sənin çiynindən götürdük. O yüklər ki, sənin belini sındırardı. Hansı yüklər idi? İnsanların ona vediyi əziyyətlər, ona nisbət verdiyi ədəbsiz sözləri, nalayiq hərəkətləri! Bunların hamısı yük idi. Peyğəmbərin (s) ürəyinin genişliyi səbəb oldu ki, bu yüklər onun üzərindən götürülsün. Yəni, müsəlmanlar, istəyirsiniz Allah məhəbbətini görəsiniz? Peyğəmbərə (s) tabe olun! Yəni ürəyiniz geniş olsun. Yəni əxlaqınız xoş olsun. Belə olsanız Allahın məhəbbətinə tuş gəldiyiniz kimi dininiz də genişlənər.


Quran Peyğəmbərin (s) bir özəl sifətini də insanlığa tanıdır ki, bu da onun dində istiqamətinin olması idi. Sən heç zaman nə Qurandan, nə də hədisdən oxuya bilməzsən ki, Peyğəmbər (s) yorulduğunu desin. Heç zaman! Yəni heç bir formada Peyğəmbər (s) istirahətə çıxmayıb. Təsəvvür edin, bir müəllimin on tələbəsi olub beşi ona dərs müddəti sual versə müəllim dərsin sonunda yorular. Hətta bəzən dərsin ortasında onları sual verməydən saxlayar. Cahil bir ərəbin hidayətini indi təsəvvür edəndə peyğəmbərin (s) nə qədər istiqamətli və bu yolda mübariz olduğu bir daha aydın olur. Bu ərəblər o qədər cahil idilər ki, öz doğma qızlarını diri-diri basdırırdılar.


İndi təsəvvür edin ki, Peyğəmbər (s) nə qədər əziyyət çəkib?! Özü söhbətlərinin birində kiçik bir işarə edib, buyurub ki: «Heç bir peyğəmbər mənim çəkdiyim əziyyəti çəkməyib» Bunu da bizə bir dərs qoyub. İstəsək Allah yolu, Peyğəmbər (s) sevgisi qazanaq əgərək insanların əziyyətində səbr edək. Hamı insanı əvvəl mərhələdə başa düşə bilməz. Sən birini haqqa dəvət edirsən, bir neçə dəfə ona haqqı deyirsən və o da israrıdır, qəbul etmir. Bu birinci mərhələ üçün mümkünsüz ola bilər. Bu iş sənin səbrini, əziyyətini istəyir ki, o nəhayətdə bunu dərk etsin. Hər zaman ona qarşı hörmətsizlik olunurdu. Dəvənin qarnını yarıb üstünə tökürdülər. Bir gün Allah Rəsulu (s) evə bu halətdə gəlməkdən utandı, Xədicədən xəcalət çəkdi. Evə dönməyə yubandı. Xədicə narahat oldu. Həzrət Əlini (ə) tapıb onu Peyğəmbərin (s) arxasınca göndərdi.


Əli (ə) Allah Rəsulunu (s) çox axtardıqdan sonra onu bir dağın ətəyində dua edən vəziyyətdə tapdı. Allah Rəsulu (s) dua edərək belə deyirdi: «İlahi, ümmətimi hadiyət et, onların qəlbini aç, dərk etmək üçün onlara yardımçı ol. Onlar hələ mənim onlara nə gətirdiyimi anlamırlar. Bunun üçün onlara yardımçı ol.» Merac belə bir ürək sahibi olan, belə bir əzəmət göstəricisi olan şəxs üçün mümkün ola bilərdi. Bu səbəblər idi ki, onu Allah yanında hörmətə qaldırmışdı. Belə bir hörmətə ki, Quranda Allah bütün Peyğəmbərləri (ə) adı ilə çağırıb, Ya İbrahim (ə), Ya Musa (ə), Ya İsa (ə) və sair, amma bir ayə tapa bilməzsiniz ki, Allah Quranda Peyğəmbərə (s) birbaşa müraciət edərək ona Ya Muhəmməd (s) desin. Həmişə Allah bu Peyğəmbərin (s) ehtiramını saxlayıb. Bu Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.


Bu uzanan sətirlərin qısa məna etsək bu qənaətə gələrik ki, Allahın məhəbbəti Peyğəmbəri (s) özümüzə ülgu, nümunə götürməklə mümkün ola bilər. Əgər Peyğəmbər (s) Allaha qul olub, sən də Allaha qul ol! Əgər Peyğəmbər (s) əxlaq sahibi idi, ürəyi geniş idi, sən də ürəyi geniş ol!


Yazı Muhəmməb Baqir Saivərin çıxışı əsasında hazırlanıb

 
  Bu gün 74 ziyaretçi (86 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol