Shia ahli
  Unutqanligi Unutduran gun
 

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm ayı daxıi olur. Bu əyyam – Hüseynsevərlərin dönəmidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bu dönəmdə hüznü yaşadarlar Hüseynsevərlər. Dünyanın hər bir guşəsində yaşayan Hüseyntanıyanlar, Aşura məktəbini tanıyanlar bu dönəmdə bir kədər yaşayarlar. Adi kədər deyil bu. İradəvi kədərdir. İmam Hüseynin (ə) idealları ilə həmahəng həyat sürmək istəyənlərin kədəridir bu. Hüseynlə (ə) olmaq, Hüseyni (ə) yad etmək hissləridir bu. İmam Hüseynin (ə) bizlərə çatdırmaq istədiyi fikirlərə, düşüncələrə qulaq asmaq dönəmidir bu.

MÜSİBƏTLƏR DÖNƏMİ

Bir bəşər müsibətinin yaşandığı tarixlə bağlı dönəmdir məhərrəmlik. Qanın qılınc üzərində qələbə çaldığı o ölməz tarixi anları yaşadan dönəmdir bu. 61-ci hicri-qəməri ildən artıq 1371 il keçir. Bu qədər söz deyilib, söz yazılıb bu 14 əsrə yaxın zamanda. Amma deyilməklə qurtarmır. Nə qədər deyilsə də, qurtara bilməz zatən. O qədər dəriniyi var Aşura məktəbi adlı bu ümmanın...

Məhərrəm-səfər əyyamı yalnız Aşura müsibəti deyil. Bir müsibətin dönəmi deyil bu. Müsibətlər dönəmidir. Çoxlu müsibətlərin...

İslamın qərib qalması müsibətinin günüdür. İnsanların öz dinlərinə sahib çıxmamalarının nəticəsi olan müsibətin günüdür. Dindarlığın müsibət günüdür. İslam kimliyini unutmaqlığın müsibəti günüdür.

Nədir bu müsibət? Bunun Aşuraya nə aidiyyəti var? Bunun Kərbəlaya nə aidiyyəi var? Birbaşa aidiyyəti var. Kərbəla müsibəti baş verməzdi, Aşura baş verməzdi o cinayətlər olmasaydı. Yezid lənətlik o cürəti əldə etməzdi, əgər həmin toplumda, həmin mühitdə dindarlıq müsibəti baş verməsəydi. Aşuranın əmələ gəməsinin ən əsas səbəbi – məhz imanın kənara qoyulmasının müsibətidir.

Əziz İslam Peyğəmbəri (s) gəlir. Öz gəlişiylə insanların həyatında inqilabi bir dəyişiklik edir. İnsanları cahillikdən xilas edib iman nuruna doğru aparmaq missiyasını həyata keçirir. İnsanları işığa tərəf gətirir. Gözəl bir ümmət qoyub gedir. Cəmi bir neçə onillik sonra, daha dəqiqi – cəmi 50 il keçmiş həmin o müsəlmanlar – İslamın gəlişilə, Peyğəmbərimizin (s) səyilə vəhşi bir durumdan, cahil vəziyyətdən, minbir eybəcərlikdən uzaqlaşıb, nuraniyyətə qərq olmuş insanlar dəhşətli bir mərəzə yoluxur. Biveclik, laqeydlik mərəzidir bu. İslami kimlik böhranı yaşanır. Dindarlıq böhranı yaşanır, fədakarlıq böhranı yaşanır. Adda müsəlman, zahirdə imanlı olmaqlığın müsibəti yaşanır ümmətdə. Daxildə İslamdan uzaq olmaqlıq, İslamın mahiyyətini qəlbdə yaşatmamaq fəlakəti yaşanır.

DÖRDÜNCÜ DƏSTƏ

Aşura müsbətinin ən əsas səbəbi, ən mühüm amilidir bu. Yezid lənətlik kimi despotlar, diktatorlar əsrlər boyu gəlib, var və olacaq. Bunların ətrafında olan, bunlara yarınmaq istəyən, minbir cildə girərək, dünya və axirətlərini satanlar olub, var və olacaq. Haqqı tapdayanlar və haqqı udanlar, zülm edənlər və zülmü qəbul edənlər var və olacaq. Və dünya durduqca, Hüseynin (ə) yolunu gedənlər də olacaq. Hüseyn (ə) kimi olmaq istəyənlər də olacaq. Amma Kərbəlanın yaranması, Aşuranın baş verməsi bu qruplar – zalım, məzlum və məzlumun harayına səs verənlərlə bağlı deyil. Bunların olması zəruridir, amma kafi deyil. Kafi şərt – sükutla, laqeydliklə yaşayan çoxluğun mövcudluğudur. Kərbəlaya kənar müşahidəçi baxışı ilə baxan çoxluğun olmasıdır Kərbəlanın baş verməinin əsas şərti. Dünya durduqca, bu müəyyənedici amil dəyişməyəcək. Zalım zülmünü edəcək, məzlum zülmə məruz qalacaq və zülmə qarşı haqq səsini ucaldan olacaq. Amma bu vəziyyət o zaman kulminasiya nöqtəsinə yetişəcək ki, toplumun əksəriyyəti laqeyd çoxluqdan ibarət olacaq.

Bu laqeyd çoxluq səbəb oldu ki, Rəsuli-Əkrəmin (s) əzizlərinin başına o müsibətlər gəldi. Və susuz körpələrlə mühasirədə qalan, ağlasızmaz imtahanlar qarşısında bəşəriyyətə əzm və fədakarlıq dərsi keçən, əzizlərini, böyüklü-kiçikli bütün yaxınlarını bu yolda qurban verməyə hazır olan İmam Hüseyn (ə), məhz həmin laqeydliyi aradan qaldırmaq üçün hərəkata qərar verdi. Məhz bu idi onun hərəkatının qayəsi – toplum qəflət yuxusundan ayılsın, toplum islami kimliyini xatırlasın, toplum dindarlıq böhranından qurtula bilsin. Toplum laqeydlik, biganəlik müsibətindən çıxa bilsin.

Mahiyyət etibarilə - tədəyyün müsibəti, din müsibəti – həm Aşura fenomenini yaradan bir amildir, həm də Aşuranın aradan aparmaq istədiyi bir amil.

MÜSİBƏTİ DİNDƏ QƏRAR VERMƏ!

İstəsək Aşuranın fəlsəfəsinə varaq, mahiyyətinə varaq, görəcəyik - Aşura həm olan bir böhranın nəticəsidir, həm də gələcəkdə olacaq böhranların qarşısını almaq üçün bir vasitədir.

İmam (ə) istəyir həm öz zamanında olan insanları oyatsın, zamanında olan insanları özünə qaytarsın, müsəlmanların yadına onların islami kimliyini salsın, həm də gələcək nəsillərə bir ölməz mesaj versin. İmam Hüseyn (ə) öz Aşura dərsi ilə hansısa bir tarixi səhnə qurmaq istəmədi. İmam (ə) Aşura günü hər nəyi var, qurban verdi, hər nəyi var, ondan keçdi, fəqət bir məqsəd üçün – həm o dövrün müsəlmanlarına, həm də bütün dövrlərdə yaşayan insanlara sözünü çatdırmaq üçün. Hər dövrün insanına çatdırdığı bir söz var İmam Hüseynin (ə). Nədir bu söz? Unutma özünü. Unutma öz "mən”ini. Allahdan ayrı düşmə. Müsəlmanlıq kimliyindən kənarda qalma.

Nəql edirlər ki, bəla üz verən zaman İmam Cəfər Sadiq (ə) buyurardı: "Allaha şükür və həmd olsun ki, mənim müsibətimi dinimdə qərar vermədi”.

Əziz İmamımız (ə) bir dərs qoyur ümmətə ki, din müsibətindən dəhşətli müsibət yoxdur. Bizə çatdırmaq istəyir ki, müsibətin həqiqisi, müsibətin əslkarı – din müsibətidir, İslami kimlik müsibətidir.

O vaxt olur bu müsibət ki, insan dininə, imanına, inancına laqeyd olur. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: "Bəla gələn zaman öz mallarınızı, canlarınızı qorumaq üçün sipər edin. Bir hadisə baş versə, canlarınızı dininizə qurban verin və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olanın özü qarət olunmuşdur”.

Bir məntiq dərsi keçir bəşəriyyətə İmam Əli (ə). İnsani məntiq dərsi. Bəlanı tanımağı öyrədir. Bəla ilə nə etməlini öyrədir. Bir mehriban ata kimi istəyir bizə anlatsın ki, həqiqi bəla nədir. İstəyir anlatsın ki, din – insanın varlığının, mövcudiyyətinin cövhəridir. İstəyir anlatsın ki, dinsiz həyat yoxdur, dinsiz insan – bir cansız varlıq kimidir. İstəyir anlatsın ki, malımız və canımız dinimiz üçündür. Belə ki, dininə əl uzadanın özünə əl uzatmışlar. İmam Əli (ə) bəşəriyyətə öyrədir ki, həqiqi bəla – insanın qeyrətinin tərpənməməsidir. Həzrət Əli (ə) öyrədir ki, öz varlığınızı qorumaq üçün canınızı və malınızı qalxan edin, sipər edin. Mənliyi itsə, nə o maldan, nə də o candan bir fayda olmaz insan üçün. Özünüz olmasanız, canınızın və malınızın heç bir əhəmiyyəti yoxdur. Bu, Əlinin (ə) bizlərə keçdiyi dərsdir.

NƏ VAXT ÜMMƏTƏ MEYDAN OXUNAR?

Həzrət Əli (ə) bizə nə söyləyir? Söyləyir ki, o zamanın müsəlmanına da, indinin müsəlmanına da aid bir həqiqət var – dininiz-imanınız itsə, islami kimliyiniz aradan getsə - cılız olarsınız, kiçik olarsınız, yox olarsınız, məhv olarsınız. İş o yerə çatar ki, dünənin əzilmiş və zəlil ünsürləri üstünüzə yeriyərlər. Heçnələr sizi ad-sandan, torpaqdan, özünütanımadan məhrum edərlər. Aşurası olan kəs, İmam Hüseyni (ə) olan kəs, Əli Əkbəri və Əli Əsğəri olan kəs belə zillətdəmi olar?! Erməni dığası ona meydan oxuyamı bilər?! Əsla! Bu, nə vaxt baş verər? O zaman ki, Hüseynini (ə) unudar, Zeynəbini (s.ə.) unudar, Əli Əkbərini, Əli Əsğərini unudar insan.

Bu yaxınlarda erməni dığalarının yetkilisi cürət edib bəyan etmişdi ki, "çox da müharibədən danışmayın, yoxsa əlavə 20% torpağınızı itirərsiniz”. Həqarətə bax! Cürətə bir bax! Kim deyir bunu?! O erməni dığası ki, onun ata-babasına icazə verilmirdi İrəvanda yağşlı havada küçəyə çıxsın. Neçə yüz il əvvəl İrəvanda yaşayan erməni azlığının yağışlı havada küçəyə çıxmağa ixtiyarı yox idi ki, yağış bunlardan sıçrayıb, camaatın üst-başını murdarlaya bilərdi. Və təbii ki, bunlar da yağışlı havada evdə oturub, gözləyirdilər ta o vaxta qədər ki, yağış qurtarsın. Niyə? Çünki, islami kimliyi var idi onlara o normanı qoyan kişilərin. İslami özünədərkləri var idi.

İndi isə yağışda küçəyə çıxmağa haqqı olmayanların nəticə-kötücələri bizə hədyan edir, istehza edir ki, müharibədən çox danışmayın, yoxsa 1 milyon qaçqınınız 2 milyon olar. Onun ata-babasına yağışda evdə oturmağı tapşıran əcdadlarımızın islami kimliyi var idi. Amma indi bu dığalar nə gəldi danışmağa cürət edirlər. Niyə? Çünki toplumumuz itirib öz islami kimliyini. Çünki, toplumumuz öz malı ilə, canı ilə dinini qorumur. Öz dini ilə malını qorumağa üstünlük verir.

BƏSİRƏTSİZLİK MƏRƏZİ

Aşura – sadəcə tarixi yada salmaq deyil. Aşura – tarixi dərsləri yaşatmaq üçün bir mətəbdir. Və Aşura bizə öyrədir – itirməyin özünüzü, unutmayın özünüzü. Özünüzə qarşı biganə olmayın. Aşura bizə öyrədir ki, özünüzdən kənar düşməyin. Və Aşura - məhz ümmətin bu cür biganəliynin, bivecliyinin nəticəsində oldu. İmam Hüsen (ə) Mədinədən Məkkəyə gəlir, Məkkədən Kufəyə gedir. Kor idimi müsəlmanlar, görmürdülərmi zəmanə İmamının (ə) yerdəyişmələrini? Kar idilərmi, eşitmirdilərmi İmamın (ə) həyəcan təbilini? Görürdülər və eşidirdilər. Amma bir gözəgörünməz dəhşətli mərəz tutmuşdu vücudlaını. Biveclik, süstlük, laqeydlik azarı. Fiziki gözləri görürdü, fiziki qulaqları eşidirdi. Amma qəlb gözləri, bəsirətləri kor olmuşdu. Hamı bilirdi İmam (ə) Mədinədən niyə çıxıb. Hamı bilirdi Məkkəyə niyə gəlib. Hamı bilirdi Məkkədən Kufəyə niyə yollanıb. Amma özlərini görməməzliyə, bilməməzliyə vururdular. Özlərini unutmuşdular. Necə ki, bu gün müsəlmanlar öz kimliklərini unudublar ki, bir ovuc sionist-dığa güruhu milyard yarımlıq ümmətə meydan oxuyur. Çünki, islami kimliyini unudub ümmət. O zaman da, indi də görməli şeyi görməmək mövqeyi üstünlük təşkil edir.

İmam Hüseyn (ə) dəvət göndərirdi, amma bir çoxları bu dəvəti eşitmirdi. Eşitməməyin ən əsas amili unutqanlıq idi və unutqanlığın da ən əsas amili malına, canına dəyə bilən xətərdən qorxmaq idi. İmam Hüseynin (ə) kimliyini xatırlamaq bunlara sərf etmirdi.

Çox səhnələr var Kərbəla vaqiəsində. Amma bu səhnələrin yaranmasının əsas amili – unutqanlıq idi.

AŞURANIN SƏBƏBİ və HƏDƏFİ

Aşuranı yaradan - islami kimlik böhranıdır. Və Aşuranın da hədəfi – o zaman da, ondan sonra da, günümüzdə də - insanları islami kimlik böhranından çıxartmaqdır. Kərbəla müsibətini dərk elətdirib, bu müsibətdən çıxartmaqdır.

Əmirəlmöminin (ə) buyurur: "Öz dinini dünyanla qoru ki, hər iksini udasan. Öz dünyanı dininlə qoruma ki, hər ikisini uduzarsan”.

Ciddi surətdə bir yanlış təsəvvürü dağıdır Əmirəlmöminin (ə). Malınla, canınla dinini-imanını qoru. Hər ikisi də sənə qalar – dinimizin məntiqidir bu. Malını, canını qorumaq üçün dinindən keçmə ki, hər ikisini əldən verərsən. Əmirəlmöminin (ə) buyurur ki, dünyan da olmayacaq, sən özün də olmayacaqsan ki, dünyanın olub-olmamasının sənin üçün təfavütü olsun. Kimsə düşünə ki, dünyası üçün dinini qurban versə, dünyası əlində qalacaq – böyük yanlışlıq edir. Hər ikisini itirəcək. Çünki, dinsiz həyat yoxdur, dinsiz yaşam yoxdur.

Həzrət Əli (ə) buyurur: "Allahın dinini qoruyan kəslər – dini əhya edən, bərpa edənlər, ona kömək edənlər, dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, onu əziz tutanlar və ona riayət edənlərdir”.

Aşurada canlarını Allah yolunda fəda edənlər – Onun dininin diri qalması üçün çalışanlar idi. Müsəlmanları laqeydlikdən, süstlük və biveclikdən qurtarmaq üçün zülmə qarşı qiyam edənlər idi. Aşuranın səbəbi də laqeydlik idi, Aşuranın hədəfi də həmin bu laqeydliyi ümmətin canından aparmaq idi.

Unutdular müsəlmanlar öz islami kimliklərini, unutdular öz varlıq fəlsəfələrini. Unutqanlaşdılar, laqeydləşdilər... Unutdular Peyğəmbərin (s) buyurduğunu: "Hüseyn məndəndir və mən Hüseyndənəm”. Unutdular İslam Peyğəmbərinin (ə) dediyini: "Kim Yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın”.

Necə unuda bilərdi müsəlmanlar Rəsuli-Əkrəmin (s) buyuruşunu: "Allah Təalanın ərşinin sağ tərəfində yazılıb: "Hüseyn – hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunan, yol göstərən İmam və qiymətli azuqədir””.

Necə unutdular İslam Peyğəmbərinin (s) İmam Hüseynin (ə) əlindən tutub buyurmasını: "Ay camaat! Bu – Hüseyn ibn Əlidir! Onu tanıyın! Canım əlində olan Allaha and olsun ki, həm o, həm onu sevənlər, həm onu sevənləri sevənlər - cənnətdədlər”.

Necə unutdular Peyğəmbərin (s) İmam Hüseyn (ə) barədə buyurduğunu: "Göylərin və yerlərin zinəti və bəzəyidir”. Necə unutdular bunların hamısını?! Necə qıydılar o Həzrətə (ə)?!

Yekunda İmam Hüseynin (ə) Aşura günü etdiyi mühüm çatdırışlardan birinə diqqət edək: "Bilin! Bu haramzadə oğlu haramzadə (yezid) məni 2 yol arsında qoyub: qılınc və zillət! Zİllətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri (s), möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq”.

Allahım! Bizləri Hüseyni (ə) sevənlərdən və onu sevənləri sevənlərdən qərar ver! Bizi Hüseynin (ə) yolunda sabitqədəm olanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı

 
  Bu gün 29 ziyaretçi (45 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=