Shia ahli
  Ziyaret ve Tevessul haqqinda 2
 

İmam Rzanın (a.s.) ziyarəti İmam Hüseynin (a.s.) ziyarətindən üstündür. Çünki İmam Hüseynin (a.s.) ziyarətinə əksər müsəlmanlar gəlir, amma İmam Rzanın (a.s.) ziyarətinə ancaq on iki imam şiələri gedirlər.
İmam Rzaya (a.s.) sual verib cavab alan çox olub.
Kərbəlada, Nəcəfdə, Məşhəddə çox möcüzələr müşahidə olunub. Diqqətli olun! Etiqadlı olun!
Bu müqəddəs məkanlarda ila-maşallah - nə qədər desən şəfa tapıblar.
İraqın dövlət adamlarından birində bədxassəli şiş peyda olmuşdu. Qorxulu olduğu üçün həkimlər tezliklə cərrahiyyə əməliyyatı aparmağı tövhsiyyə etmişdilər. Həmin şəxs İmam Rzaya (a.s.) təvəssül edib şəfasını istəyir. Gecə yuxuda Həzrət Məsuməni (s.a.) görür ki, buyurdu: "Şiş sağalacaq, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur.”
...Həzrət İmam Rzaya (a.s.) təvəssül etmişdi, cavabını (şəfasını) Həzrət Mə’sumə (s.a.) verdi. Bu bacı və qardaş bir-birinə sıx bağlıdırlar.
Bütün ziyarətnamələr təsdiq olunmuş və etibarlıdırlar. "Camieyi Kəbirə” ziyarətini oxuyun. "Əminəllah” ziyarəti də çox mühümdür. Ziyarəti qəlbiniz oxumalıdır. Öz qəlbinizin dili ilə oxuyun. Lazım deyil İmam Hüseynin (a.s.) hüzurunda öz hacətlərimizi dilə gətirib bir-bir sayaq; Həzrət (a.s.) özü bilir! Dualarınızda mübaliğə etməyin; ziyarət ürəkdən olmalıdır. İmam Rza (a.s.) bir nəfərə belə buyurdu: "Bəzi adamların ağlamaqlarından narahatam!”
Böyük alimlərdən biri belə deyirdi: "Mən iki şeyə ümid edirəm. Birincisi süst və könülsüz halda Qur`an oxumamışam. İkincisi də İmam Hüseynin (a.s.) əzadarlığında çox ağlamışam.”
Bəziləri Qur`anı elə oxuyurlar ki, elə bil Şahnamə oxuyurlar. Qur`ani-kərim İtrətə bənzər bir mövcuddur.
Həzrət Ayətullah Bürucerdinin gözündə ağrı peyda olmuşdu. Deyir aşura günü İmam Hüseyn (a.s.) əzadarlarının alınlarına yaxdıqları palçıqdan bir azını götürüb gözlərimə çəkdim. Bundan sonra dərd-ağrı birdəfəlik kəsildi və ömrümün axırına qədər göz ağrısına mübtəla olmadım. Hətta eynək taxmağa da ehtiyac duymadım!
Bir nəfər İmam Rzanın (a.s.) hərəminə daxil olur. Nurani bir seyyidin ədəb-ərkanla dayanıb ziyarətnamə oxuması onun diqqətini cəlb edir. Həmin seyyidə yaxınlaşıb nə oxuduğuna diqqət edir. Görür seyyid məsumların adlarını bir-bir çəkib hamısına salam verir. İmam Zamanın (a.s.) adına gələndə seyyid dayanır! Həmin şəxs başa düşür ki, ziyarətnaməni oxuyan seyyid elə İmam Zamanın (a.s.) özüdür.
Böyük ağalardan biri nəql edir ki, filan şəxslə birlikdə həm ziyarət etmək, həm də havamızı dəyişmək üçün şəhərdən kənarda yerləşən imamzadələrdən (pir) birinə getmişdik. Belə qərarlaşmışdıq ki, yolda minik götürüb miniklə gedək. Amma minik tapa bilməyib yolu piyada getməli olduq. Mən yol getməkdən yoruldum. Ayaqlarımda bərk ağrı hiss edirdim. Dostuma dedim "Nə oldu, bu qədər yolu piyadamı gedəcəyik. Artıq getməyə taqətim qalmayıb, aclıq da bir tərəfdən heyimizi kəsib. Çörəyimiz var, amma yesək susayacağıq. Su da ki yoxdur.”
Rəfiqim oradaca İmam Zamana (a.s.) təvəssül etdi və Həzrətdən belə istədi: "Ya Sahibəz-Zaman! Getməyə bizə bir minik yolla.”
Çox keçmədi ki, ətraf kəndin sakinləri buğda aparmaq üçün gətirdikləri miniklə yolumuzun üstünə çıxdılar. Bizi də mindirib yola düşdülər.
Həzrət Rzanın (a.s.) hərəmində nə kəramətlər görsənməyib...
Bir nəfər yuxusunda görür ki, Həzrət Rzanın (a.s.) hərəmindədir. Deyir bir də gördüm hərəmin günbəzi yarıldı, həzrət İsa (a.s.) və Həzrət Məryəm (s.a.) oradan hərəmə daxil oldular. Onlar üçün taxt gətirdilər. Hər ikisi həmin taxta oturub həzrət Rzanı (a.s.) ziyarət etdilər.
Səhərisi gün həmin şəxs hərəmə yollanır. Birdən hiss edir ki, hərəmin səs-küyü tamamilə kəsildi. Sanki hərəmdə kimsə yox idi. Bu anda Həzrət İsa (a.s.) və Həzrət Məryəm (s.a.) günbəz tərəfdən hərəmə daxil olduqlarını görür.[103] Deyir yuxuda gördüyüm kimi onlar günbəzin yarığından hərəmə daxil olandan sonra bir taxta oturub Həzrət Rzanı (a.s.) ziyarət etməyə başladılar. Ziyarətnamə oxuyurdular. Elə bizim oxuduğumuz adi ziyarətnamə idi. Ziyarətnaməni oxuyub qurtarandan sonra gəldikləri yerdən də geri qayıtdılar. Bu səhnə bitəndən sonra yenə hər şey öz adi halına qayıtdı; camaatın səs-küyü hərəmi başına aldı.
İndi sizcə Həzrət Rza (a.s.) vəfatmı etmişdir?
Axır sözüm budur ki, gəlin bildiklərimizə əməl edək. Bilmədiklərimizdə ehtiyatı gözləyək; ehtiyyat əsası ilə hərəkət edək
Əql sahiblərinə sirr deyil ki, məxluqatda olan hərəkətin əsasnaməsi, mühərriki (hərəkətə gətirəni, yaradıcı qüvvəni) tanımaqdır. Hərəkət mühərrikə möhtacdır. Bilməliyik ki, bütün şeylər hərəkətini Ondan alır, Ona doğru hərəkət edir, Onun üçün hərəkət edir. Yəni bir mümkün varlığın başlanğıcı, sonu və qərəzi anbaan məqsədə doğru hərəkətdən ibarətdir.
Alim və cahil arasındakı fərq hadisələrin əlacını tanımaqda və mərifətin yoxluğundadır. Onların sonda çatdıqları mənzilin fərqi, başlanğıcda hər birinin malik olduğu elmin dərəcəsi arasında olan fərqə bərabərdir.
Beləliklə, əgər mühərriki tanısaq, hərəkətdə olanlar arasında mövcud nizam-intizamdan mühərrikin gözəl tədbir və hikmətini dərk etsək, bizim bütün diqqətimiz Onun təkvini və təşri`i iradəsinə yönələcəkdir.
Xoş o kəsin halına ki, öz yaradanını tanıyır,– hətta böyük şəhidlərdən olmuş olsa da vay tanımayanın halına, - hətta zəmanəsinin fironu olmuş olsa da.
Bu hərəkətlərin sonunda cahil deyər: "Ey kaş heç yaranmayaydım.”
Alim deyər: "Kaş ki, məqsədə doğru bu hərəkət yetmiş dəfə olardı; qayıdardım, yenidən hərəkət edərdim; haqqın yolunda şəhid olardım.”
Məbada öz həyatımızdan peşiman halda qayıdaq. Açıq deyirəm, - məsələn - əgər bir adamın ömrünün yarısı həqiqi nemət sahibini yad etməklə, qalan yarısı qəflətdə keçsə, Allahı yad edərək yaşadığı ömrünü yarısı onun həyatı, qəflətdə keçən qalan hissəsi isə onun ölümü hesab edilir.
Allahı tanıyan Ona müti olur. Bütün işlərinin mehvərində Allah dayanır. Allahın razılığına müvafiq bildiyi şeylərə əməl edir, bilmədiyi işlərdə məsələ aydın olana qədər dayanır. Mömin ömrünün hər anını öyrənir və əməl edir, bilmədiyi yerdə dayanır.
Möminin əməli əlindəki dəlilə görədir, dayanmağı dəlilin yoxluğu üzündəndir.
Sizcə Qadir Allaha itaət silahı ilə silahlanmadan karvanımızı təhlükə ilə dolu olan bu yollardan salamat keçib məqsədə çata bilərikmi?
Sizcə mümkündürmü ki, vücudumuz Xaliqdən, amma qüvvətimiz Ondan qeyrisindən olsun?
Belə olan halda, əgər bu mərhələdə yəqin sahibi olduqsa, bu sifət və əhvalları əməldə həyata keçirmək üçün bilməliyik ki, həqiqəti mə’lum olmuş bu hərəkət əvvəldən axıra qədər batil iddiada olan mühərriklə (batil istəklərlə) müxalifət etməkdədir. Əgər batil istəklərə uymasaq tək bu əməlimiz bizi Allahın rizasına qovuşduracaq səadətimizə yetər: "Salikin sənə doğru hərəkətdə götürəcəyi ən dəyərli və üstün yol azuqəsi onun əzimli və möhkəm iradəsidir.”

 
  Bu gün 133 ziyaretçi (353 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol