Shia ahli
  Həzrət Zeynəb (S)
 


Təvəllüd

Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi! Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq: SƏMAVİ AD Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin. Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur. Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir. Yə`ni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

 

Zeynəb Aşura hadisələrində

 

Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi. Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı. Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır. Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında söhbət açacağıq.

 

 

 

Əbədiyyət danışığı

 

 

 

 

 

 

Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, islam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məs`uliyyət daşıyır. Onlara göstərdi ki, islam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.

 

 

Zeynəb anası Fatimə (s) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər və onun Əhli-beytinə salam göndərdi və öz sözünü Qur`andan bir ayə ilə belə başladı.

 

 

«Sümmə kanə aqibətəlləzinə əsaussuvə ən kəzzəbu bi ayatillah».

 

 

“Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib və onu istehza etdilər.” Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın buyruğunu unutmusan ki, buyurur: Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır. Ey azad olunmuşun oğlu!* Bu ədalətmidir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu olan adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən kaş Bədr döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan. niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül Mütəllib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma, çünki, tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, “Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx. And olsun Allaha, öz dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah öz və`dəsini yerinə yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. çünki, o özü belə deyir: «Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın ne`mətlərindən bəhrələnirlər». Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə, Məhəmməd məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən.

 

 

Ey Allahın düşməni Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şö`lələnir. Hüseyn öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan beytul-maldan ən`am almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticəyə yetişməyəcəksən. O gün sən İbni Ziyadı köməyə çağıracaqsan, o, da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən Allahdan başqasından qorxmur və ondan başqasına şikayət etmirəm. nə istəsən et, nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər. And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki, cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir.

 

Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldular. Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu qəlbdən qüvvət alan danışığın nəticəsi mə`lumdur. Ən daş qəlbli insan belə, iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini görür və bir müddət qərara gəlməkdə aciz olur. Bütün saraya ölümcül bir sükut çökmüşdü. Yezid saraydakıların üzündə narazılıq əlamətini görüb dedi: Allah öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin ölmünə razı deyildim. Sonra əsirlərin bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək istəyənlərə mane olmasınlar. O Əli ibni Hüseyni hər günorta və axşam süfrə başına də`vət edir, onunla yemək yeyirdi. Görəsən doğrudan da Yezid zərrə qədər də olsa peşiman olmuşdurmu? – Bu köçəri camaatın işlərinin gedişini təhlil etdikdə belə bir güman oluna bilər, bu güman özünə yer tapmamış başqa bir xatircəmlik onu kənar edir. Belə ki, əgər Yezid belə etməsəydi, Kufə üsyanının Dəməşqdə də aşkar olacağı mümkün idi, baxmayaraq ki, onu tezliklə əzmək olardı. Hər halda bu gün və məclisin gedişatından Şam camaatının bir dəstəsi bildi ki, müsəlman onlar bildiyi kimi və hakim də onlara hakimlik edən şəxs deyilmiş.

 

 

 

Qorxmazlıq zirvəsi

 

Həzrət Zeynəbin şücaətini, onun qəlbinin əzəmət və qüvvəsini daha düzgün dəyərləndirmək üçün Yezidin məclisinin ab-havası, o Həzrətin mə`nəvi vəziyyəti və sözlərini daha yaxşı aydınlaşdırmaq lazımdır. Yezidin məclisinin ab-havası qorxu və vəhşətdən ibarət idi. Yezid özünü son dərəcə qalib və güclü görürdü. Qoşun və camaat onun ətrafını tutmuşdular. Düşmənləri əsir edilmişdi, müxaliflərinin rəhbəri imam Hüseyn (ə)-ın müqəddəs başı onun qarşısında idi. Əsirlər bir dəstə qadın, uşaq və xəstə imam Səccad (ə)-dan ibarət idi. Yezid qürur və mənsəbpərəstlik məstində idi. Şam onun hökumətinin mərkəzi və camaat da atası Müaviyənin yetişdirdiyi camaat idi. Amma Zeynəb Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya və Kərbəladan Kufəyə və Kufədən Şama qədər olan səfər boyunca, aləmin ən böyük müsibətləri çəkdirilmiş, bu təhlükə dolu səfərində bir az da rahatlanmamış, heç bir şəxs və ya qüdrətin köməyi olmadan, əsirlər karvanının böyüklüyünü öhdəsinə almış, onları hər yerdə qoruyub saxlamışdı. İndi isə Allah Rəsulunun balalarının vəziyyətini, imam Səccad (ə)-ın zəncirlənmiş əl-qolunu və Yezidin, qardaşı imam Hüseyn (ə)-ın müqəddəs başını təhqir etdiyini görürdü. Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub, onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır.

 

Vəfat

 

Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi. Belə uca bir ruhla və bu növ əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah yolunda səbr və dözüm dərsini hamıya göstərdi. Dünyaya göz açdığı, dünyadan köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!

 

İbadət və bəndəlik

 

Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının tə`minatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur. Bəndəlik bütün vücudu ilə öz ağa və mə`budunun qulluğunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mə`nası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mə`rifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm asılılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər. Peyğəmbər və imamlar mə`rifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və mə`budu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu: «Ya uxtah, la tənsini fi nafilətil-ləyl». “Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir. Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub, onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır.

 

 

 

 

 

Səbr və dözüm

 

 

Həqiqi səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mö`mindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir. «Əssəbru minəl imani bi mənzələtir–rə`si minəl cəsəd». “Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu tə`bir imanın həyatı və mö`mininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində olduğunu, səbirsiz mö`minin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Allaha bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə ehtiyac var. Mö`min insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var. Allah yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın inkişaf və kamilliyidir. Yə`ni, Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf səviyyəsini formalaşdırır. Necə ki, Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın həqiqətini dərk etməyə zəminə yaradır. Allah yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir tə`siri axirətdə insana nəsib olan səvab və ne`mətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bə`zən isə kamillik və behişt ne`mətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin. İmam Sadiq (ə) buyurur: Bə`zən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin bəndə bunu öz əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə, fəqirliyə və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr edərsə Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki, öz yol yoldaşlarına buyurur: «Fə`ləmu ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li ibadihi bi ihtimalil məkarihi». «Bilin ki, Allah çətinliklərə dözməklə bəndələrinə dəyərli məqam və dərəcə verir». Yaşayışın gətirdiyi çətinlik və müsibətlər üçün deyilən qiymətlərə nəzər salmaqla belə nəticə almaq olar ki, imanlı insanlara üz verən müsibət və çətinliklərin iki cəhəti vardır: Biri xoşa gəlməz və pis olan zahiri cəhəti, digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu cəhətdən də rəvayətlər, müsibətləri mö`minlər üçün ilahi hədiyyə və töhfə kimi tanıtdırır. «Əl məsaibu minhun minəllah». «Çətinliklər Allah tərəfindən hədiyyədir». Odur ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin gözəl üzünü görürlər və onun qarşısında təslim və razı olurlar. Yə`ni, müsibətin baş verməsi ilə bağlı heç bir şikayət və giley-güzar olmadığından əlavə razı və şaddırlar. Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Zeynəbin həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri, atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük müsibəti sayılır. Zeynəb bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından onun adı səbrlə qoşa çəkilir. Zeynəbin səbrini övladları, qardaşı, qardaşı balaları və başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini südəmər uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar. Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında imam Səccad (ə)-a ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini bəyan edəndə görmək olar. «Ma rəəytu illa cəmilən».

 

 
  Bu gün 30 ziyaretçi (38 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol