Kərbəla qadınlarının bizə öyrətdiyi hicab dərsi
Bismilləhir Rahmənir Rahim
"Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına
və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər. Bu onların hicab və iffətlə
tanınması, nadürüstlərin onlara əziyyət verməməsi və incitməməsi üçün daha
münasibdir. Allah bağışlayan və rəhm edəndir". ("əl-Əhzab" surəsi, 59-cu ayə. )
Kərbəla qadınlarının bütün qadınlara, xüsusilə
müsəlman qadınlara öyrətdiyi dərslərdən biri də hicab dərsidir. Başda Həzrət
Zeynəb(s. ə) olmaqla İmamın(ə) məhzərində iştirak edən qadınlar bütün dünyaya əməli
surətdə sübut etdilər ki, qadın cəmiyyətdə iştirak edib boynuna düşən vəzifəni
layiqincə yerinə yetirə bilər və bununla yanaşı öz ismətini, iffətini, həyasını
və hicabını Peğəmbər(s) buyurduğu kimi qorumağı bacarar. Bəziləri elə başa düşməsinlər ki, hicab bağlamaqla bu işləri
görmək mümkün deyil. Belə düşünənlər dar düşüncəli insanlardır. Kərbəla
qadınları öz həya və hicablarını qorumaqla yanaşı, cəmiyyətdə iştirak edib öhdələrinə
düşən vəzifələri lazımınca yerinə yetirdilər və bunu bir dərs olaraq bütün
dünyaya sübut etdilər. İslam dininə əsasən hər bir müsəlman qadına özünü naməhrəmdən
örtməsi vacibdir.
Bir gün bir
qadın Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi:"Ya Rəsulallah, bir qadın
İslam məclisində hicabı olmadığı halda iştirak edə bilərmi?"Həzrət Peyğəmbər(s)
buyurdu:"Xeyr, hicabsız həmin məclisə
gedə bilməz. Özünün hicabı varsa, geyinib getsin. Əgər yoxdursa, onu məclisə dəvət
edənlər həmin qadın üçün hicab tapıb geyindirsinlər. Ondan sonra həmin məclisdə
iştirak etsin". Qadın xeyir məclislərində
hicaba riayət etmək şərtilə iştirak edə bilər. Çünki qadının hicaba riayət etməsi
vacib əməllərdəndir. Tarixdə qeyd
olunmuşdur ki, Kərbəla əsirlərinin əllərindən hıcabı almışdılar. Onların
başları açıq idi. Lakin nə dərəcədə açıq olduğu məlum deyil. Xanım Zeynəbin(s. ə)
xütbəsində də bu məsələyə işarə olunur. Hər
halda əgər hicab onlardan alınmışdısa, məcburi şəkildə almışdılar. Çünki bu, artıq
əsirlərin ixtiyarında deyildi. İmamın(ə) başını kəsdikləri kimi, qadınların da
hicabını almışdılar. Əgər onlar hicabsız qalmışdılarsa, məcburiyyət qarşısında
idilər. Bütün bunlara baxmayaraq, dil ilə camaatı başa salmaqla öz iffətlərini
və hicablarını imkan daxilində müdafiə edirdilər. Hər bir halda çıxış yolu
tapıb öz iffətlərini qoruyub saxladılar. Bütün bunlar dünya müsəlmanlarına
böyük dərs idi. Kərbəla qadınları belə ismətli qadınlar idi. Harada hicabı
müdafiə etmək imkan olurdusa, bu işi əsirgəmirdilər. Hətta şəhərə daxil olarkən
ac, susuz, yorğun və əsir olduqları halda da Şimrdən iffətlərini saxlamaq üçün
imkan daxilində izdihamın az olduğu yerdən keçməyi tələb etdilər. Bütün bu hərəkətlər
"La ilahə illəllah" əhlinə hicab, iffət dərsi öyrədir. Xanım
Zeynəbə(s. ə) vurulan qamçılar, verilən əzablar və qılınc yaraları hicabının əlindən
alınması qədər ağır deyildi.
Qeyd olunan bu nümunələr hicaba riayət, iffət
və ləyaqəti qorumağı bizə bir dərs kimi başa salır. Quran ayələri, Peyğəmbərin
hədisləri, həyat yoldaşları, qizi Xanım Zəhra(s. ə), Kərbəla hadisəsi də bunu
bütün müsəlmanlara dərs kimi öyrədir.
Asif
Suriya