Shia ahli
  Həzrət İmam Hüseynin (ə) güzəşt və mərhəməti
 
 
Həzrət İmam Hüseynin (ə) güzəşt və mərhəməti

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.»
Mərhəmət və şəfqət İmamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:
a) Şam (Dəməşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəməşq) əhlisənmi?»
Dedim: «Hə, nə olub ki?»
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Muhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»
Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.
İmam Hüseyn (ə) mənim peşman olduğumu du-yaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»
Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmayaydım.» b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»
İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»
Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »
İmam (ə) buyurdu: «Səni bağışladım.»
Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.»
İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»
v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»
 
  Bu gün 115 ziyaretçi (275 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol