Shia ahli
  Halal-haram
 

Halal-haram

Ramiz Qusarçaylıdan sitatlar əsasında

Halal – insanın öz əli ilə yaratdıqlarıdır:

– Nəyim varsa özümündü...

Ən halal adam ən qədim insandır. Daş çapacaq, qazma ağacı dünyadan halallıq istəyən insanın ilk yaratdıqlarıdır. Qələm şairin, müəllimin, alimin... və yenicə yazmağı öyrənən məktəblinin əlində halallıq rəmzi sayıla bilər.

Söz halallığı, ürək halallığı var:

– Sözün rəngi yalan, ürəyin səsi,

Gəl ayır halaldan haramı, Allah !

Bəzən çətin olur halal-haramı ayırmaq. Çünki:

– Bu kinli dəvələr, nəfsi qatırlar

Əyrini, haramı qatırlar bizə.

Özündən başqa, hamını aldada bilərsən və halallıq istəyə bilərsən. Belə:

– Hələ də oynayır pul havasına

Halallıq istəyən haram balası.


Haramın söz-sənət payı da var:

– Vardı ət şairi, balıq şairi...

yaxud:

– Çörək ağacına dönmüşdü şeir...

Haram bir ölkənin, bir dünyanın siyasi düşüncəsini ağlar günə qoyur:

– Harda müsəlman var, qan içindədir

Harda müsəlman var, Qəzza bölgəsi...

Haram tək-tək ailələri, fərdləri eybəcərləşdirir:

– Bax, kökü haramdan törəyən kəsə

Nə ana tanıyır, nə bacı, Ənvər...

Haramla halalı ayırmaq bəzən çətin olur. Yəni cəmiyyətdə əxlaqın ölçüləri dəyişə bilir ki, halal-haram sərhədləri də bir-birinə doğru dəyişə bilir. Bununla belə, halallığın ən təmiz izharı yalnız poeziyada özünü doğruldur:

– Ölsəm, gözlərimə torpaq tökməyin

Yeyib qurtarmışam torpaq payımı.

İnsanın halallıq istəmək məqamı, möhləti var:

– O qədər yatmışam torpağın üstdə,

Torpağın altında yatan deyiləm.

Bir halallıq həddi var :

– Nə varsa haramdır kefimdən ağır.

Haram nəfsdən gəlir. İnsan nəfsinin qulu olanda, onun əmrinə tabe olanda haram halalı basıb yeyir:

– Çökün ayı kimi halal üstünə

Yeri şumlayınca diziniz, yeyin...

Haram bu dünyaya bağlıdı, halal axirət dünyasına. Bu dünya müvəqqəti, axirət əbədidir. Haram əbədi ola bilməz. Halalın ömrü uzundur, çünki yaşamağa layiqdir.

Fani dünyanın atributu haram, baqi dünyanınkı halal:

– Ölən halal yaşadı,

Yaşayan haram öldü.

Halallıq doğuluşa gətirir, haram son deməkdir. Haram üzərində qurulan hakimiyyətlərə, haramla tikiləm kaşanələrə, yığılan, toplanan maddi sərvətlərə Nuhun tufanı gərək deyil. Halallıqla tikilən daxma səadət sarayıdır. Halal xeyirdir, haram isə şər. Halal iman sayılır, haram küfrdür. Halallıq həmişə böyük görünür :

– Ürəyim böyüyür bir qarışqanın

Dənindən boylanan halallıq kimi.

Halal düzlükdən keçir:

– Asıb ürəyimi şaqul yerinə

Ölçürəm daşların düzlüyünü mən.

Halal zəhmətdən başlayır:

– Tale ikimizə bir daş göndərib

Bir üzü zəhmətdir, bir üzü torpaq.

və ya

– Üzümü şumlayır alnımın təri.

Halal insana qürur gətirir:

– Nə yuxarı yolum düşür,

Nə itin, qurdun üstünə...

Haram insana lənət qazandırır:

– Gorumdan boylanır satdığım məzar,

Mənim ölmüşümə rəhmət düşürmü?

Halallıqdan doğulmaq və yaşamaq var:

– Öz urvamdı, öz əlim

Unumdan çıxmışam mən.

Ancaq ana balasını öz südündən ayırandan sonra adamın böyüdükcə harama qarışmaq riski də böyükdür:

– Haram beşiyidir dizimin üstü,

Anamın südünə layla çalıram.

Dünyanın axırına çıxan da onun elə bu haramın əlində girinc qalmasıdır. Haram bu cahanda labüddürmü? Axı:

– Baxır yal qabından diz kənizləri.

Haram insana gərək deyil, lakin insan onsuz keçinə bilməsə, necə olar?!

– Dizimin üstündən qaça bilmirəm,

İlahi, böyüyür dizimin üstü...

Haramı nəyə qatsan onu yox edir. Adamı yox edir:

– Özümün deyilmiş bu boy, bu duruş

Namusa qatarsan, namussuzluq baş alıb gedər:

– Qubada papağım dizimin üstdə...

Torpağa qatarsan, torpağı itirərsən:

– Şuşada bayrağım dizimin üstdə.

İnsan üçün əbədi rahatlığın təminatçısı halallıqdır:

– Torpağın üstünə minnəti yoxdu,

Torpağın altında rahatdı yerim...

və yaxud :

– Bircə arxayınam məzar daşımdan,-

Deyən, öz yonduğum daşım olacaq...

Haqqyolu.com
 
  Bu gün 159 ziyaretçi (182 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol