Shia ahli
  Kərbəlada Qadınların öyrətdiyi dərslər-Hicab
 

Kərbəlada Qadınların öyrətdiyi dərslər-Hicab
Kərbəla qadınlarının bütün qadınlara, xüsusilə, müsəlman qadınlara öyrətdiyi dərslərdən biri də hicab dərsidir. Başda Həzrət Zeynəb (s.ə) olmaqla İmamın (ə) məhzərində iştirak edən qadınlar bütün dünyaya əməli surətdə sübut etdilər ki, qadın cəmiyyətdə iştirak edib boynuna düşən vəzifəni layiqincə yerinə yetirə bilər və bununla yanaşı, öz ismətini, iffətini, həyasını və hicabını Peyğəmbər (s) buyurduğu kimi qorumağı bacarar. Bəziləri elə başa düşməsinlər ki, hicab bağlamaqla bu işləri görmək mümkün deyil. Belə düşünənlər dar düşüncəli insanlardır. Kərbəla qadınları öz həya və hicablarını qorumaqla yanaşı, cəmiyyətdə iştirak edib, öhdələrinə düşən vəzifələri lazımıca yerinə yetirdilər və bunu bir dərs olaraq bütün dünyaya sübut etdilər.
İslam dininə əsasən hər bir müsəlman qadına özünü naməhrəmdən örtməsi vacibdir. Bir gün bir qadın Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ya Rəsulallah, bir qadın İslam məclisində hicabı olmadığı halda iştirak edə bilərmi?” Həzrət Peyğəmbər (s) buyurdu: “Xeyr, hicabsız həmin məclisə gedə bilməz. Özünün hicabı varsa, geyinib getsin. Əgər yoxdursa, onu məclisə dəvət edənlər həmin qadın üçün hicab tapıb geyindirsinlər. Ondan sonra həmin məclisdə iştirak etsin.”
Qadın xeyir məclislərində hicaba riayət etmək şərtilə iştirak edə bilər. Çünki qadının hicaba riayət etməsi vacib əməllərdəndir. Əsas söhbətimiz Kərbəla xanımlarının öyrətdiyi dərslər barədə olduğundan, hicab barədə geniş danışıb mövzudan kənara çıxmaq istəmirəm. Əgər bu mözuda söhbət etməli olsaq, bəhsimizdən kənarda qalarıq. Buna görə də hicab barədə ayə və hədislərdən keçirəm.
Kərbəla hadisəsindən sonra, məhərrəm ayının 11-ci günü hərəkət etməyə başladılar. İmam Səccad (ə) və İmam Baqirdən (ə) başqa qalanları qadın idi. İmam Baqirin (ə) dörd yaşı var idi. Səfər ayının 1-ci günü Şam şəhərinə yetişdilər. Dəməşqə daxil olarkən Yəzid əmr verdi ki, əsirləri şəhər bəzənib qurtarana qədər qapıda saxlasınlar. Əsirlər üç gün şəhərin darvazasının arxasında qaldıqdan sonra onları şəhərə daxil etdilər. Şəhərə girərkən bir nəfər İmam Hüseynin (ə) qızı Səkinəyə baxıb dedi: “Siz haranın əsirlərisiniz? Xanım Səkinə bibisi Zeynəbin (s.ə) Kufə camaatına verdiyi cavabı həmin şəxsə dedi: Biz Ali-Muhəmməd (s) əsirləriyik.”
Səhl ibn Saidi Peyğəmbərin (s) səhabələrindən biri idi. O deyir: “Şəhərin bəzədildiyini görüb bir nəfərdən orada nə baş verdiyini soruşdum. Mənə dedilər: Xarici əsirləri şəhərə gətiriblər. Gəlib yaxından maraqlananda nə baş verdiyini anladım. İmam Səccada (ə) yaxınlaşıb dedim: Ağa, mənə görə nə əmriniz var? İmam (ə) buyurdu: Görürsənmi, bizi nə vəziyyətdə şəhərə gətiriblər. Yaralı başların arxasınca qadınları aparırlar. Sən get onlarla danış, başları əsirlərdən bir az qabaqda aparsınlar. Başları çox yaxın aparanda onlara tamaşaya gələnlər qadınlara da baxırlar. Bir iş gör ki, Peyğəmbərin (s) itrəti camaatın gözlərindən amanda olsunlar.” Səhl deyir: “Mən gedib əsirləri gətirənlərlə danışıb dörd min dinara qədər pul xərcləyib İmamın (ə) buyurduğu kimi etdim.”
Diqqətlə bu əhvalata nəzər saldıqda görürük ki, İmam Səccad (ə) orada ac-susuz, yorğun olmasına baxmayaraq, öncə qadınları naməhrəm gözündən uzaqlaşdırmaq niyyətində idi. Buna görə də Səhl ibn Saididən belə bir iş görməyi xahiş etdi.
Əsirləri Kufəyə gətirərkən onlara tamaşa etməyə minlərlə insan toplaşmışdı. Ümmi Gülsüm Kufə camaatını səsləyərək buyurdu: - Ey Kufə camaatı! Allahdan və Onun Rəsulundan (s) utanmırsınız, bir halda ki, Peyğəmbərin (s) Əhli-beytinə (ə) tamaşaya gəlmisiniz?
Tarixdə qeyd olunmuşdur ki, əsirlərin əllərindən hicabı almışdılar. Onların başları açıq idi. Lakin nə dərəcədə açıq olduğu məlum deyil. Xanım Zeynəbin (s.ə) xütbəsində də bu məsələyə işarə olunur. Hər halda əgər hicab onlardan alınmışdısa, məcburi şəkildə almışdılar. Çünki bu, artıq əsirlərin ixtiyarında deyildi. İmamın (ə) başını kəsdikləri kimi, qadınların da hicabını almışdılar. Əgər onlar hicabsız qalmışdılarsa, məcburiyyət qarşısında idilər. Bütün bunlara baxmayaraq, dil ilə camaatı başa salmaqla öz iffətlərini və hicablarını imkan daxilində müdafiə edirdilər. Hər bir halda çıxış yolu tapıb öz iffətlərini qoruyub saxladılar. Bütün bunlar dünya müsəlmanlarına böyük dərs idi.
Şam şəhərinin iki darvazası var idi. Bir darvazanın ağzında izdiham çox, o birində isə az idi. Əsirləri camaatın daha çox yığışdığı darvazadan şəhərə daxil etmək istəyirdilər. Ümmi Gülsüm Şimri çağırıb dedi: Mənim səndən bir tələbim var. Bizi şəhərə o biri darvazadan aparın. Bu darvazanın qarşısında insan izdihamı çoxdur, istəmirik bizim başımızı, üzümüzü kimsə görsün. Şimr öz alçaqlığından əl çəkməyib, onun sözünə qulaq asmadı və əsirləri elə həmin darvazadan şəhərə daxil etdi.
Kərbəla qadınları belə ismətli qadınlar idi. Harada hicabı müdafiə etmək imkan olurdusa, bu işi əsirgəmirdilər. Hətta şəhərə daxil olarkən ac, susuz, yorğun və əsir olduqları halda da Şimrdən iffətlərini saxlamaq üçün imkan daxilində izdihamın az olduğu yerdən keçməyi tələb etdilər. Bütün bu hərəkətlər La ilahə illəllah əhlinə hicab, iffət dərsi öyrədir.
Xanım Zeynəbin (s.ə) Şamda Yəzidin sarayında oxuduğu xütbə həm fəlsəfi, həm siyasi, həm də elmi xütbələrdən idi. Həmin xütbədə Xanım Zeynəb (s.ə) buyurur: - Ey müşrik insanın oğlu. Sənin baban Əbu Süfyan müşrik adam idi. Ölənə qədər Peyğəmbərin (s) qulu olub. Sənin fikirləşdiyin ədalət budurmu ki, öz hərəmxananda saxladığın qadınları pərdə arxasında gizlədib, Peyğəmbərin (s) itrətinə isə belə hörmətsizlik edib başı və üzü açıq əsir gətirmisən? Peyğəmbərin (s) Əhli-beytini (ə) düşmənlərə vermisən ki, şəhərbəşəhər gəzdirsinlər və hər gəlib-gedən başlarına, üzlərinə, boy buxunlarına baxsınlar? Etdiyin əməllərdən utanmırsan?
Xanım Zeynəbə (s.ə) vurulan qamçılar, verilən əzablar və qılınc yaraları hicabının əlindən alınması qədər ağır deyildi. Şimr İmamın (ə) başını kəsmək istəyərkən Zeynəb (s.ə) özünü ora yetirib, qılıncın iti yerindən yapışdı. Qılınc barmaqlarının sümüklərinə qədər işlədi.
Dörd əldə kəmale keşməkeşdə
Bir xəncəri tizi abdidə
Tutmuş iki səmtdən o tiği
Möhkəm iki iztirab didə
Gör kim yapışar yalın tərəfdən
Kim dəstədən ay hesab didə.
O şərafətli xanımlara olunan bütün əzab-əziyyətlər hicabın onlardan alınması qədər ağır gəlmirdi. Kərbəladan çıxarkən qız-gəlinlər şəhidlərin cənazələri ilə vidalaşdılar. Xanım Səkinə İmam Hüseynin (ə) yaralı bədəninin kənarında dayanıb şikayət etməyə başladı. Atacan, bizim bu açıq başımıza bax. Bizim hicabımızı güclə əlmizdən alıblar. Bu sözləri deyib Həzrət Əbəlfəzlin cənazəsinə sarı dönüb baxırdı. Bu baxışlar onu bildirirdi ki, ey əmi, sən sağ olsaydın, bizim başımızı açmağa heç kəs cürət etməzdi. Səkinə ona dəyən qamçılardan, verilən əzablardan və səhərə qədər ağlamağından bir kəlmə də olsun şikayət etmədi.
Düşmən çadırlara hücum çəkib qarət etməyə başladı. Xanım Zeynəb (s.ə) hər işi əvvəlcədən tədarük görmüşdü. Qız-gəlinlərdən zinət əşyalarını alıb parçalara bükmüşdü. Çadırlara qarət üçün hücum çəkərkən həmin əşyaları düşmənə atırdı ki, gəlib güclə qadınları qarət etməsinlər:
Xanım Zeynəb zəru-zeybi qabaq bükmüşdi dəsmalə,
Dayandı rubərudə, atdı bir- bir qövmi cühhalə.
Buyurdu eyyühəl ərabi vəhşi mərdumi nadan,
Xəyalınız mali dünyadı, mənə möhlət verin əlan.
Hərimi haşimini saxlayım bir guşədə nalan,
Ki qalsın itiyarızda sizin bu xeymələr yeksan.
Çəkin fərşu – zürufu, tirməsin, həm pərdəsin-şalin,
Hüseynin bicəhət incitməyün biçarə ətfalin.
Əsər etməz nəsimi sübhi sadiq səngxarayə,
Həkimin anlamaz mənayi pəndin hər füru mayə.
Qarət edəndən sonra od vurub çadırları yandırdılar. Xanım Rüqəyyənin ətəyini alov aldı. Ətəyi yana-yana o yan, bu yana qaçırdı. Bir nəfər özünü o uşağa yetirib onun ətəyini söndürmək istəyəndə, uşaq qorxdu. Həmin şəxs dedi: Narahat olma, mən ətəyinin odunu söndürmək istəyirəm. Rüqəyyə dedi: Sən kimsən belə? Həmin şəxs dedi: Mən yəhudiyəm. Rüqəyyə dedi: Yaxın gəlmə, özüm söndürərəm. Mən qoymaram naməhrəm əli mənə tərəf uzansın. Əlləri yansa da belə ətəyinin odunu söndürdü.
Əsirləri Şama apararkən gecə vaxtı bir yerdən keçərkən gördülər ki, imam Hüseynin (ə) yaralı başı nizədə irəli getmir. Nə qədər çalışdılar, xeyri olmadı. Dedilər, yəqin bunun bir səbəbi var. İmam Səccaddan (ə) səbəbini soruşduqda Həzrət (ə) buyurdu: “İmam Hüseynin (ə) qızlarından biri yolda dəvənin üstündən yıxılıb və orada atasını səsləyir. Buna görə də Həzrətin (ə) mübarək başı hərəkət etmir.” Zəcr adlı bir nəfər atı minib gəldikləri yolla geri qayıdıb qızı axtarmağa başladı. Zəcr deyir: Gecənin qaranlığında uşağın qorxudan bir ağacın altına qısılıb oturduğunu gördüm. Baxıb gördüm həmin uşaq Hüseynin (ə) qızıdır. Ona yaxınlaşıb ata mindirmək istədim. Geri çəkilib dedi: Mən səninlə bir atın üstündə gəlmərəm. Nə qədər qamçı vurdumsa, xeyri olmadı. Axırda mən atı minib sürdüm, o da atın arxasınca qaça-qaça gəldi.
Naməhrəm ilə bir ata minməz Hüseyn qızı,
Əmməm deyibdi, bu əməlin çox günahı var.
Xanım Rüqəyyə karvana çatan kimi gəlib atasının başı ilə üz-üzə dayanıb dedi: “Salam olsun sənə ey Əba Əbdillah. Ata, bu başı yetim qızlara çox görməsin Allah.”Qeyd olunan bu nümunələr hicaba riayət, iffət və ləyaqəti qorumağı bizə bir dərs kimi başa salır. Quran ayələri, Peyğəmbərin (s) hədisləri, həyat yoldaşları, qızı Xanım Zəhra (s.ə) bunu bütün müsəlmanlara öyrətməsi öz yerində, Kərbəla hadisəsi də bu dərsi bütün dünya müsəlmanlarına öyrədir.

 
  Bu gün 102 ziyaretçi (416 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol