Shia ahli
  Xanim Zehranın (S) Viladeti
 

Şeyx Səduq «Əmali» kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:
Ömər deyir ki, bir gün imam Sadiqdən (a.s.) soruşdum:
– Fatimə (s.a.) dünyaya necə gəlmişdi?
İmam (a.s.) buyurdu:
– Xədicə (s.a.) Peyğəmbər (s.a.a.) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicədən (s.a.) uzaqlaşdılar, beləki nə Xədicənin (s.a.) evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə (s.a.) çox kədərlənir və bu çirkin əməllərin həzrəti Muhammədə (s.a.a.) zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə (s.a.) bunu da Peyğəmbərdən (s.a.a.) gizlədirdi.
Bir gün Allahın Rəsulu (s.a.a.) evə daxil olduqda Xədicənin (s.a.) kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicədən (s.a.) soruşduqda, o pak qadın belə cavab verir: «Bətnimdəki uşaq mənimlə söhbət edir. O, mənim munisimdir».
Peyğəmbər (s.a.a.) buyurmuşdur: «Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də odur. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir».
Bu minvalla həzrəti-Xədicə (s.a.) hamiləlik dövrünü keçirirdi. O, Fatimənin (s.a.) təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Muhammədə (s.a.a.) ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Besətin ilk illərində müşriklər müsəlmanları bacardıqları qədər sıxışdırırdılar. (Həzrəti-Muhammədin (s.a.a.) tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss edirdilər.) Xədicə (s.a.) bu xəbərdən çox kədərləndi, lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə (s.a.) onları görcək qorxdu. Qadınlardan biri dedi: «Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahim Xəlilin (a.s.) yoldaşı), bu, Məzahimin qızı Asiyadır. O, sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir».
Bu vaxt onlardan biri Xədicənin (s.a.) sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə (s.a.) pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin (s.a.) qarşısında duran qadın Fatiməni (s.a.) götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə Fatiməni (s.a.) bələyib, digəri ilə isə başını bağladı, sonra Fatiməni (s.a.) dindirdi. Fatimə (s.a.) dil açıb Allahın birliyinə, Muhammədin (s.a.a.) isə onun rəsulu olmasına şəhadət verərək belə dedi:
«Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır».
Sonra O, qadınlara ayrı-ayrılıqda salam verərək onların hər birini öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimənin (s.a.) mövludu münasibətilə təbrik söyləyib müjdə verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru heç bir vaxt sezməmişdilər. O zaman xanımlar Xədicəyə (s.a.) dedilər: «Pak-pakizə və bərəkətli nəslə sahib olacaq mübarək övladını qucağına al!» Xədicə (s.a.) döşlərini qızının mübarək dodaqlarına tutdu. Süd cari oldu. Fatimə (s.a.) ondan sonra hər gün bir aylıq uşaq təki, hər ay isə bir illik uşaq kimi böyüyüb gündən-günə boy atırdı.

 
  Bu gün 128 ziyaretçi (174 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol