Shia ahli
  Hz.Əli bədr döyüşündə!
 


Əli əleyhissəlamın həyatı Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli (əleyhissəlam) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli (əleyhissəlam) iştirak etməmişdir. Onda da Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
Bu müharibələrin hamısı haqqında danışmaq bu kitabın tutumundan xaric olduğu üçün təkcə Əli əleyhissəlamın Peyğəmbər dövründəki dörd əsas müharibədə göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik.

Əli (əleyhissəlam) Bədr döyüşündə

Hamıya mə’lumdur ki, Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi.
Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (səlləllahu əleyhi və alih) xəbər çatır ki, Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar, müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər.
Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi.
Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.
Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü Ütbə (Əbu Süfyanın qaynatası, Hindənin atası), Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: "Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan, bizim şə’nimizə layiq olan adamlardan göndər!”
Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə, Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbu Talibə əmr etdi ki, meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə, Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: "Bəli, siz bizim şə’nimizə layiqsiniz”. Beləliklə, Həmzə Şeybə ilə, Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli (əleyhissəlam) Müaviyənin dayısı (Əbu Süfyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş Əli (əleyhissəlam) ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər.[1]
Əli (əleyhissəlam) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir vaxtda) Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur: «Bədr döyüşündə baban Ütbəni, dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc indi də məndədir.»[2]
İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...
Bu döyüşdə ölən müşriklərin yarıdan çoxu Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirildi.
Mərhum Şeyx Müfid Bədr döyüşündə ölənlərin otuz altısının Əli (əleyhissəlam) tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki, «şiə və sünni hədis söyləyənləri hamı yekdilliklə qeyd etmişlər ki, bunları (otuz altı nəfəri) Əli (əleyhissəlam) təkbaşına öldürmüşdür. Yalnız bir neçə nəfərin qatili barədə mübahisə var. Bir neçə nəfərin qətlində isə Əli (əleyhissəlam) başqaları ilə şərik olmuşdur.»[3]



 
  Bu gün 226 ziyaretçi (833 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol