Shia ahli
  Peyğəmbərin(S) Hamisi və Canişini
 

İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də’vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam[1]!»
Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum–əqraba onun də’vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni–Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də’vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı[2] Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»[3]
Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə’ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə’lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.

 
  Bu gün 44 ziyaretçi (107 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=