Shia ahli
  Hacı İlqar: “Aşura öncəsi hicabla bağlı qadağanın gündəmə gətirilməsi – böyük suallar doğurur...”
 

- Təhsil naziri Misir Mərdanov ANS televiziyasına müsahibəsində bildirmişdir: "Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başıbağlı şəkildə getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formada gedə bilər. Biz qərar qəbul etmişik ki, Azərbaycan bir dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Biz belə fikirləşirik ki, məktəb yaşlı uşağın, yəni 16 yaşlı uşağın başını bağlaması dünyəviliklə bir araya gəlmir. Və onların hicablı məktəbə gəlməsinə qadağa qoymuşuq". Bunu necə dəyərləndirirsiniz?
- İlk olaraq onu qeyd etmək istəyirəm ki, bu çıxış böyük təəccüb doğurmuşdur. Bu təəccüb bir neçə cəhətdən qaynaqlanır: birincisi, heç kəsə sirr deyil ki, təhsil müəssisələrində, o cümlədən, orta məktəblərdə hicaba qadağa cəhdləri ilk dəfə deyil ki, yer alır. Hələ 2000-2001-ci illərdə belə bir irticavi təşəbbüslər meydana çıxmışdı. İstər həmin zamanda, istərsə də sonrakı illərdə təhsil naziri bu məsələdə birmənalı olaraq, problemin çözülməsinə yardım göstərmiş, hər zaman konstruktiv mövqe tutmuşdur. Bu yanaşma, 2010-cu ilin sentyabr-oktyabr aylarında da özünü bir daha göstərmişdir. Belə ki, tədris ilinin əvvəlində də bir neçə məktəbdə problem qalxan zaman, məhz Təhsil Nazirliyinin aktiv dəxaləti nəticəsində problemlər tez bir zamanda öz həllini tapmışdır.
İkincisi, “Təhsil haqqında” qanun layihəsinə 2007-ci ildə hicaba məhdudiyyətlə bağlı bəndin salınması cəhdi meydana çıxan zaman da, bu təşəbbüs dövlət rəhbərliyi tərəfindən mənfi qarşılanmış və həmin bənd layihədən bilmərrə çıxarılmışdır. Və təhsil naziri də o zaman da həmin qadağa cəhdinin aradan qaldırılmasını birmənalı dəstəkləmişdir.
Üçüncüsü, 2008-ci ildə məktəb forması ilə bağlı mövzu gündəmə gəldiyi zaman, konkret olaraq qoyulmuş: “bu, başörtüyünə problem yaradacaqmı?” sualına təhsil naziri birmənalı olaraq, “xeyr” cavabı ilə mövqe sərgiləmişdir. Və son 2 ildə məktəbli forması tətbiq olunan məktəblərdə hicablı şagirdlər üçün bu istiqamətdə problem yaranan zaman, məhz Təhsil Nazirliyi bunun qanuna zidd olduğunu vurğulamış və məsələnin müsbət yöndə həllinə öz töhfəsini vermişdir. Hətta bəzi mətbu orqanlarında ictimaiyyət arasında çox yayılmış 21 noyabr 2010 tarixli məktəb forması ilə bağlı qısa cavablandırmasının da hicaba qadağa kimi yozulma cəhdləri baş tutanda, nazirliyin mətbuat katibliyinin vasitəsilə belə bir bir fikrin səsləndirilməsinin dürüst olmadığı bildirilmişdir. Eyni zamanda, Təhsil Nazirliyinin hüquq şöbəsi də hicaba qadağa ilə bağlı hər hansı sənədin mövcud olmadığını son günlərdə dəfələrlə bəyan etmişdir.
Bütün yuxarıda sadaladıqlarımız, axırıncı açıqlama ilə bağlı son dərəcə təəccüb ifadə etməyə əsas verir və belə başa düşülür ki, bu, son bir neçə günün, bəlkə də, son bir neçə saatın məhsuludur. Və son açıqlamada qadağanı əsaslandırmağa edilən cəhdlər bunun bariz göstəricisidir ki, bu, tələm-tələsik, spontan, ciddi peşəkarlarla məsləhətləşməmiş meydana çıxmış vəziyyətdir. Belə ki, bu qadağanın əsaslandırılması üçün göstərilən heç bir nöqtə hüquqi dövlət məntiqi standartlarına uyğun gəlmir.

- Son fikri bir qədər açıqlaya bilərdinizmi?
- Təbii. İlk olaraq, qanunda məktəbli forması barədə müddəanın olması göstərilir. Xatırlatmaq istərdim ki, bu, məhz həmin təhsil qanunudur ki, 2007-ci ildə layihəyə salınmış qadağa bəndi oradan dövlət rəhbərlinin iradə ifadəsi ilə çıxarılmışdır. Və son 2 ildə cənab nazirin özünün yardımı ilə buna istinad edənlərin cəhdləri yoxa endirilmişdir.
İkinci mühüm məqam: “dünyəvilik” məsələsinə gəldikdə, müstəqillik əldə etdiyi 19 il ərzində Azərbaycan dünyəvi dövlət olub və bu, yeni bir fenomen deyil ki, buna istinadən birdən-birə belə bir qadağanın bu adla meydana çıxmasına əsas olsun. Ən mühümü isə budur ki, məhz dünyəvilik - vicdan azadlığının təminini labüd edir və hüquqların məhdudlaşdırılmasını yolverilməz sayır.
Həmin məsələ “dinin dövlətdən ayrı olması” müddəasına da aiddir. Belə ki, hörmətli nazirin özünə də məlum olduğu kimi, bu prinsip - dövlətin dini qanunlar bazasında idarə olunmaması deməkdir və inanclı insanın hüquqlarının məhdudlaşdırılması mənasına heç bir vəchlə gələ bilməz. Eyni zamanda, bunlar öz yerində, dinin dövlətdən ayrı olması da, dünyəvilik kimi, yeni meydana çıxan məsələ deyil və müstəqilliyimizin bütün 19 ili ərzində bu prinsip olub. Odur ki, bu gün buna istinadən hüquqi dövlətin ziddinə olaraq, insan haqları sahəsində geriləməyə rəvac vermək – tamamilə əsassızdır.
Yeri gəlmişkən, burada 2 mühüm konstitusion əsası vurğulamaq istərdik. Şagirdlərin təhsil alması – bir konstitusion hüquqdur və məhz buna görə, hər bir vətəndaşı təhsillə təmin etmək – dövlətin mühüm və ümdə vəzifələrindəndir.
Eyni zamanda, vicdan azadlığı - ən fundamental konstitusion hüquqlardandır və bu, o deməkdir ki, hicab geyinən şagirdin təhsillə təmin edilmək və bu təhsili öz inancına uyğun – hicablı halda həyata keçirmək – onun müstəsna, Konstitusiyada təsbit olunmuş hüququdur. Deməli, bütün başqa məsələlər bunların təminini yaxşılaşdırmaq üçündür, nəinki bunları hansısa formada məhdudlaşdırılması. Yəni, bütün digər normativ sənədlər bu hüquq və azadlıqların təmini yönündə qəbul edilə bilər.

- Bir sualı da dəqiqləşdirmək istərdik ki, çox vaxt bunlara apellyasiya olunur: yetkinlik yaşına çatmamaq mövzusunu gündəmə gətirərək, bu cür məhdudiyyətləri əsaslandırmağa çalışırlar.
- Məsələ ilə bağlı beynəlxalq insan haqları standartları var və Azarbaycan da bunlara qoşulub, ölkə qanunvericiliyi də bunu tam təsdiq edir. Bu standartlar bəyan edir ki, uşaqların yetkinlik yaşınadək dünyagörüşünün, etiqadının formalaşması və bu kimi məsələlər valideynin öhdəsindədir. Məhz buna görə də dünya ölkələrinin böyük əksəriyyətində belə bir problem qətiyyən yaşanmır. Nəinki yaşanmır, meydana gəlməsi heç təsəvvür olunmur. Son günlərdə ölkə mətbuatında ABŞ, İngiltərə, Norveç, Rusiya və digər ölkələrdə mövcud olan hicab azadlığı faktlarının əks edilməsi – bunun bariz nümunəsidir.

- Fikrinizcə, bu açıqlama niyə məhz indi baş verdi?
- Bu özü də çox düşündürücü məsələdir. Məhərrəm ayının ilk günlərində, inanclı insanlar üçün müqəddəs olan bir dönəmdə, Tasua-Aşura öncəsində bunun baş tutmasının özü də çoxlu suallar yaradır. Maraqlıdır ki, belə tələm-tələsik, Aşura öncəsi hicabla bağlı qadağanın gündəmə gətirilməsi – ölkədə mövcud olan müəyyən islamofobik qrupun dinlə bağlı aparılan növbəti dalğasını xatırladır. Bir müddət öncə məscidlərin sökülməsi mövzusu, daha öncə hamının gözəl xatırladığı azan qadağası cəhdi bu qəbildəndir. Xatırlayırsınızsa, o məsələlərdə də Qafqaz Müsəlmanlar İdarəsi rəhbərinin ölkə rəhbərliyinə birbaşa müraciətlərindən sonra, məsələ çözmüşdür. Bu mənada, burada da oxşar situasiyanın əmələ gəlməsi sezilir. Yalnızca bir yenilik var: hansısa naməlum səbəblərdən, hər zaman bu kimi məsələlərdə dövlətçilik prinsiplərini üstün tutan Təhsil Nazirliyi rəhbərliyi, nədənsə, hazırda illərlə sərgilədiyi mövqedə dayanıqlıq nümayiş etdirmir.

-Yeri gəlmişkən, Qafqaz Müsəlmanlar İdarəsinin bu məsələdə mövqeyi nə qədər qaneedicidir?
- Problem başlanan gündən ölkənin dini ictimaiyyətinin əksəriyyəti ilə və o cümlədən, vətəndaş cəmiyyətini fəalları ilə mütəmadi və davamlı məsləhətləşmələr aparmışıq və aparırıq. O cümlədən, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə də hadisənin əvvəlindən mövzu ətrafında bir neçə dəfə söhbətimiz olub. Hacı Allahşükür Paşazadə Almaniyada müalicədə olduğu üçün, bu müzakirələr telefonla aparılıb. QMİ sədri bu məsələ ilə bağlı açıq-aydın mövqeyini mətbuat vasitəsilə ictimaiyyətə bildirmişdir. O, hicabı Uca Yaradanın əmri və konstitusion hüquq kimi dəyərləndirərək, burada yalnız hicabla məktəb formasının uzlaşdırılmasının mümkünlüyünü vurğulamışdır. Düşünürəm ki, kifayət qədər aydın və dəqiq mövqedir.

- Azərbaycan həmişə tolerantlıqla bağlı özünəməxsusluq durumu ilə seçilib. Belə ki, burad bütün dinlərin ardıcılları, özlərini çox komfort hiss etdiklərini bəyan etmişlər. Bəs belə olan halda, belə bir qadağalar həyata keçərsə, bu, Azərbaycanın tolerantlıq kimi möhkəm sütununu zədələmiş olmurmu?
- Birmənalı olaraq, Allah eləməmiş, bu qadağa həyata keçərsə, bu, tolerantlıqla bağlı mövcud durumu ciddi sual altına qoyar. Belə ki, dünyanın heç bir yerində görsənməyib ki, ölkənin milli və dini çoxluğunun inancına dözümsüzlük edilə və bu fonda hər hansı tolerantlıqdan danışıla.

- Yaranmış hazırkı ürək açmayan situasiyada nə etməli haqqında düşüncələriniz nədir?
- İlk olaraq, bu 20 gün ərzində gecəli-gündüzlü əmək sərf etmiş DEVAMM-ın 10-larla fəalına, könüllülərinə, ekspertlərinə göstərdikləri misilsiz fədakar çalışmalarına görə təşəkkürümü bildirirəm. Eyni zamanda, bütün proseslər zamanı dini ictimaiyyətin sərgilədiyi prinsipial, qurucu mövqe və harmonik yanaşmasına görə dəyərli ilahiyyatçılara - Hacı Şahin Həsənliyə, Hacı Elşən Mustafaoğluna, Hacı Əhlimana, Hacı İqbala, Hacı Zülfüqara, Hacı Ceyhuna, Hacı Yusifə, Hacı Namiqə, Hacı Mir Kazıma, Hacı Mir Cəfərə, Hacı Bəxtiyara, Hacı Araza və digər dəyərli mənəvi şəxsiyyətlərə hər an sərgilədikləri vücudi yanaşmaya görə Uca Allahdan xüsusi tofiqatlar diləyirik.
Bütün bu günlər ərzində Xanım Fatiməyə (s.ə.) layiq bəsirət, dəyanət və mətinlik nümayiş etdirən analarımıza, bacılarımıza, balalarımıza Qiyamət günü Xanım Zeynəblə (s.ə.) məhşur olmalarını diləyirik.
Hesab edirəm ki, bu günlərdə çəkilən əziyyət Allah dərgahında böyük əcrə malik olması ilə yanaşı, mövcud vəziyyətin daha da kəskinləşməsindən sığortalanmaya öz böyük töhfəsini vermişdir.
Nə etməliyə gəldikdə isə, ilk olaraq, Uca Rəbbimizdən məsələnin həlli istiqamətində İmam Hüseynin (ə) mübarək Aşurasına xatir xüsusi tofiqatlarının və qeybi köməklərinin nəsib etməsini diləyirəm. İkincisi, birmənalı olaraq, indiyə qədər məsələnin həlli istiqamətində görülən hüquqi, ictimai, maarifləndirici fəaliyyəti daha da vüsətlə davam etdirmək niyyətindəyik.
Üçüncüsü, qanunlar çərçivəsində, əqlə, məntiqə, bəsirətliliyə, İslamın göstərişi olan mötədilliyə söykənən bütün mümkün və zəruri addımların atılmasını və bu istiqamətdə strateji konsepsiyanın hazırlanmasını dərhal başlatmaq fikrindəyik.
Sonda bir daha bütün inanclı əzizlərimizə müraciətlə bildiririk ki, əvvəla, bu, son deyil. Hər zaman yaxşılığa ümidlə yaşamaq lazımdır. İkincisi, imtahanlar qarşısında əlimizdən gələni edərək, təvəkkül etmək – inancımızın çətinliklər qarşısında bir müqavimət və sabitqədəmlik düsturudur.
Eyni zamanda, kifayət qədər inamımız var ki, öncəki problemlərdə olduğu kimi, məsələ tezliklə müsbət həllini tapacaq. Hər halda, bunu həm dövlətçilik maraqları, həm insan haqları və demokratiyaya dayanan yanaşma, həm də gələcək nəsillər qarşısında məsuliyyətimiz zəruri edir. Ümid edirik ki, Aşura gününə qədər bu anlaşılmazlıq aradan qalxacaq və Təhsil Nazirliyi, həmişəki kimi və bütün dünyada olduğu kimi, inanclı şagirdlərin inteqrasiyasına öz töhfəsini verəcək.

Əbazər Əhmədli
Deyerler.org

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir

 
  Bu gün 137 ziyaretçi (183 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol